Dünyanın dörd bir yanından minlərlə aktivist Qahirədə görüşəcək
Qəzzadakı Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün gələn həftə Refah sərhəd keçid məntəqəsinin Misir tərəfində sülhsevər bir etiraz aksiyası təşkil etməyi planlayan yüzlərlə beynəlxalq fəal “Qlobal Qəzza Yürüşü” üçün Misirin paytaxtı Qahirədə toplaşacaq.
Hökumət təşkilatları, diplomatlar və humanitar yardım qurumları ilə əlaqələndirərək 32 ölkədən minlərlə fəal 15 iyunda Refah sərhəd keçid məntəqəsində aksiya keçirməyi planlaşdırıb.
Fəallar 12 iyunda Misirin paytaxtı Qahirədə toplaşmağı, ertəsi gün Qəzza sərhədində yerləşən Ariş şəhərinə getməyi və oradan 3 gün davam edəcək 50 kilometrlik yürüşlə Refah sərhəd keçid məntəqəsinə çatmağı hədəfləyiblər.
Aksiyanı təşkil edən əsas koalisiya bildirib ki, Fələstin məsələsinə dəstək beynəlxalq səviyyədə getdikcə güclənir və Avropa, Şimali və Cənubi Amerika ölkələri ilə ərəb və Asiya ölkələrindən nümayəndələr iştirak edir.
Fələstinin Qələbəsi və Qəzzaya Yardım üçün Əlcəzair Təşəbbüsünün rəhbəri Yahya Sari açıqlamasında bildirib ki, “Qətiyyət Karvanı” adlı konvoyları Tunisə doğru yola çıxıb, burada Tunis karvanına qoşulduqdan sonra Liviya və ardından Misirə keçəcək.
Əlcəzair Müsəlman Alimlər Cəmiyyətinin önəmli üzvlərindən olan Sari qeyd edib ki, konvoy humanitar xarakter daşıyır və dünyanın azad insanları ilə birlikdə Qəzza xalqına qarşı amansız blokadanın sona çatdırılmasını tələb etmək üçün səslərini ucaldırlar.
Sari ölkəsinin Fələstini dəstəkləyən mövqeyinə diqqət çəkərək bildirib:
“Konvoy Qəzza xalqına qarşı törədilən cinayətləri rədd etmək məqsədilə quru, dəniz və havadan başlayan beynəlxalq humanitar yardım hərəkatına qoşulur”.
Qəzzadakı Fələstin xalqına müraciət edən Sari əlavə edib: “Onlara yalnız olmadıqlarını söyləyirik. Acılarında və çətinliklərində onlarla birlikdəyik. Səslərini dünyada duyurmaq üçün edə bildiyimiz budur”.
TRT XƏBƏR
Lalə Qurbanlı