00:00:00
Yazar
Admin User
30.10.2025 16:56 133 2 dəq oxuma
Siyasət

Düşünürdüm ki, Putinlə bunu həll edəcəm

Düşünürdüm ki, Putinlə bunu həll edəcəm

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Kendju şəhərində keçirilən APEC sammitində çıxışı zamanı bildirib ki, Ukraynadakı münaqişə həll olunacaq.

 

“Səkkiz münaqişəni həll etmişəm, ancaq Moskva və Kiyev arasındakı münaqişə qalıb. Düşünürdüm ki, bu, sadəcə olaraq prezident Putinlə aramdakı münasibətə görə həll olunacaq, amma bir az fərqli oldu. Lakin düşünürəm ki, həll olunacaq”.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna müharibəsinin indiki şərtlər daxilində nizamlanması real xarakter daşımır:

 

“Ukrayna savaşının yaxın vaxtlarda nizamlanma ehtimalı o qədər də inandırıcı görünmür. Çünki Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın bu savaşın nizamlanması prosesində tutduğu mövqe o qədər də effektiv deyil. O sadəcə sülh sazişinin imzalanmasına və yaxud da atəşkəs haqqında anlaşmanın əldə olunmasına çalışır. Halbuki sabitliyin və sülhün yaranması üçün ilk növbədə Ukrayna savaşını törətmiş problemləri həll etmək lazımdır və bu həll etmə modeli də birmənalı şəkildə beynəlxalq hüquq normaları çərçivəsində baş verməlidir. Ancaq hazırda baş verənlər onu göstərir ki, Donald Tramp beynəlxalq hüquq normaları ilə problemlərin həllinə o qədər də əhəmiyyət vermir. Əsas hədəf kimi sülh sazişinin imzalanmasına, əgər bu mümkün olmasa, atəşkəs barədə anlaşmaların əldə olunmasına çalışır. Burada da Ağ Ev sahibinin əsas məqsədi ondan ibarətdir ki, Ukrayna coğrafiyasında atəşkəs əldə olunsun və ABŞ Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı prosesə başlaya bilsin. Bu barədə artıq ABŞ və Ukrayna arasında hüquqi sənədlər imzalanıb. Ancaq müharibə şəraitində bunu reallaşdıra bilmir. Ona görə də Trampı Ukraynanın gələcək taleyi qətiyyən düşündürmür. Hər şeyə biznes üzərindən yanaşan Trampın ABŞ-nin iqtisadi maraqları çərçivəsində atəşkəsə nail olması məsələsi ön plana keçir. Burada da ən ciddi problemlərdən biri ondan ibarətdir ki, Kremldə Trampın bu yanaşma tərzinə yaxşı bələddirlər və ona görə də Trampı Rusiyanın maraqlarına uyğun şərtlər üzərindən sülh prosesini yürütməsi üçün müəyyən manipulyasiyalar edirlər və Tramp da bu manipulyasiyaların təsiri altında qalmaqda davam edir. Belə anlaşılır ki, yaxın gələcəkdə Ukrayna savaşının indiki şərtlər daxilində nizamlanması real xarakter daşımır”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər