00:00:00
Yazar
Admin User
07.07.2025 13:38 70 8 dəq oxuma
Siyasət

"Düşmənimin düşməni mənim dostumdur"

"Düşmənimin düşməni mənim dostumdur"

Rusiya və Çin ittifaqı 21-ci əsrdə demokratik dünya üçün ən böyük təhdid kimi görünür. Lakin hələlik Moskva ilə Pekin arasında ortaq fəaliyyətlərdən daha çox ortaq ritorika var.

Bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Nəşr qeyd edir ki, Qərb – xüsusilə də Avropa üçün qaydalara əsaslanan və mövcud status-kvonu qoruyan müasir dünya nizamını saxlamaq son dərəcə vacibdir. Lakin Pekin və Moskvanın baxış bucağından hər şey bir qədər fərqli görünür. Son illər ərzində həm Putin, həm də Si Szinpin Qərbi onların yüksəlişinə mane olmağa cəhd etməkdə dəfələrlə ittiham ediblər.

Bildirilir ki, Çin bu ittihamlarında tez-tez 19-cu və 20-ci əsrin əvvəllərindəki hadisələrə istinad edir – həmin dövrdə Çin “yarı-müstəmləkəçi” vəziyyətinə salınmışdı. Kreml isə, öz növbəsində, məhz bu arqumentlərlə Ukraynaya qarşı işğalçı müharibəsini əsaslandırır. Halbuki keçmişdə məhz Rusiya da Çin üzərində hökmranlıq edən dövlətlərdən biri olub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya və Çin kollektiv qərbə qarşı mübarizədə biri digərini həm dəstəkçi kimi, həm də "düşmənimin düşməni mənim dostumdur" nöqteyi-nəzərindən məsələyə yanaşırlar:

 

"Rusiya və Çin arasındakı bir ittifaq münasibətlər deyə bilməyəcəyimiz nöqtədədir hələki. Amma ortada bir reallıq var ki, bu iki qüvvə kollektiv qərbə qarşı mübarizədə biri digərini həm dəstəkçi kimi, həm də düşmənimin düşməni mənim dostumdur nöqteyi-nəzərindən məsələyə yanaşırlar. Bu nöqtədə biz indi gözləyə bilərik ki, hər nə qədər Asiyaya sahib olmaq uğrunda Rusiya və Çin rəqabəti mövcud olsa da, sırf Avropa və kollektiv qərbə qarşı mübarizədə bu iki dövlətin daha da yaxınlaşmasını və müəyyən mütəffiq münasibətlərə daxil olmasına şahid ola bilərik. Amma qeyd etdiyimiz kimi, Çin və Rusiya həm dünya ağalığı uğrunda, həm də elə Asiyanın özündə regional hökmranlıq uğrunda xüsusən Mərkəzi Asiyaya sahib olmaq məsələsində həmişə rəqabətdə olublar və bundan sonra bu rəqabətdə özünü davam etdirəcək. Bir növ bu iki dövlətin xarici siyasətinə yanaşdıqda biz nəyə fikir verməliyik. Əgər mövzuya Qərb-Şərq münaqişəsindən baxırıqsa, bu iki dövlət mütəffiqdir, yəni rəsmi olmasa da, qeyri-rəsmi şəkildə. Yox, əgər biz dünya ağalığı və regional hökmranlıq nöqteyi-nəzərindən baxırıqsa, o halda Çin və Rusiya artıq strateji rəqib olurlar".

 

Siyasi şərhçi Rusiya və Çinin ittifaq şəklində hərəkət edə bilmələri məsələsinə də aydınlıq gətirib:

 

"Bəli, Rusiya və Çin ittifaq şəklində hərəkət edə bilərlər və hətta bunu rəsmi şəkildə, sənəd üzərində də ittifaq münasibətlərinə çevirə bilərlər. Nəyə görə? Bu gün Amerika Birləşmiş Ştatlarının həm Rusiya, həm də Çinə qarşı bir proksik müharibə apardığının şahidiyik. Məsələn, Ukraynada Con Bayden dönəmində Rusiyanın bu qədər tətiklənməsi sanki Moskvanı müharibədən başqa çıxış yolu yoxdur reallığına inandırmaq əslində Vaşinqtonun uğuru idi, çünki üzərindən bir neçə il keçməsinə baxmayaraq, biz fikir veririk ki, Rusiya sanki Ukraynada bir bataqlığa düşdü. Yəni, faktiki coğrafi qələbələr qazanır. Müəyyən bir ərazini götürür, şəhəri götürür. Amma strateji baxımdan baxdıqda görürük ki, Rusiya illərdir bir müharibədə ilişib qalıb və orda həm güc efor sərf edib, həm də sanksiyalar fonunda ciddi iqtisadi itkilərlə üzləşib. Dünya ağalığı uğrunda mübarizədə isə başını Şərqi Avropadan kənara qaldırıb, baxa bilməyəcək səviyyə gəlib çatıb. Eyni zamanda, Tayvan məsələsi üzərindən və yaxud da ki, Afrikadakı qanlı mübarizə ki var, görünməz əllər idarə edir, bir tərəfi Çin, bir tərəfi Amerika, bir tərəfi Rusiya, bir tərəfi Qərb dairələri. Bu mübarizə fonunda da Amerika Birləşmiş Ştatlarını Çini proksi qüvvələr sayəsində bir növ küncə sıxmış sayılır an etibarilə. Amma dəyişən geosiyasi reallıqlarda biz görürük ki, hər nə qədər Rusiya biraz zəifləsə, güc itirsə də, Amerikaya, Qərbə qarşı. Çin gözlənilməz anda yüksəlməkdədir və hətta akustikalarda ciddi irəliləyiş əldə edib. Zamanla bu irəliləyişin Amerika Birləşmiş Ştatlarının özünü belə keçə biləcək yönümlü yanaşmalarla qarşılaşmalıyıq. 

Bu gün Rusiya və Çin arasında real əməkdaşlıq müşahidə olunan sahələr çox perspektivlidir. Yəni, biz burda enerji məsələlərini də, tranzit yükdaşıma məsələlərini də nəzərdə saxlamalıyıq. Eyni zamanda, hərbi sahədə də artıq, məsələn, Çinin Rusiya-Ukrayna müharibəsi gedişində əhəmiyyətli açıqlanmayan və Qərb media təsisi tərəfindən irəli sürülən bəzi iddialar var idi ki, bunlar da hərbi əlaqələrin canlı olduğunu göstərir. Bir çox sahələrdə artıq Çin və Rusiya bəzən rəsmi, bəzən də qeyri-rəsmi formada əməkdaşlıq edirlər və bu da bu ikilinin digər rəqiblərinə qarşı ortaq nöqtədən çıxış etməsi baxımından önəmlidir.

Həm Rusiya, həm Çin bu gün bir imperiya sistemli dövlətdir. Hər nə qədər Rusiya federasiya şəklində birləşsə də, yaxud da Çin muxtar rayonlar şəklində əraziləri özünə tabe etsə də, hər ikisi kənar xalqlar üzərində bir xalqın, bir etnosun de-fakto və de-yure üstünlük təşkil etdiyi bir nizam qurublar. Bunu da adı "imperiya"dır. Qafqaz xalqlarının niyə özünün müstəqil dövləti olmamalıdır? Çeçenlər bunun üçün dəfələrlə mübarizə aparıblar. Və ya Çindəki uyğur türkləri - soydaşlarımız. 

Nə qədər yarımmüstəqil dövlətlər var, Rusiyanın tərkibində federasiyalar var. Hamsının əslində zamanla dövləti olan, ya da bundan sonra dövlət qurmağa hüququ olan xalqlardan təşkil olunur. Amma bunların hamısı həm Çin, həm Rusiya tərəfindən işğal olunmuş ərazilərdə bir etnosun hökmran olduğu bir sistem üzərində qurulur. Bunun da adına "dövlət" deyiblər. Əslində çağdaş leksikomla eyniləşdirmək məqsədilə "dövlət" deyiblər. Əslində isə hələ də Çin və Rusiya bir imperiya sistemini xatırladır. Xatırlatmaqla qalmır, elə imperiyalardır. Və qaydalara əsaslanan dünya nizamı isə bütün xalqlara bərabər suveren haqqlar istəyir. İndi nə Rusiya, nə Çin istəmir ki, onun tərkibindəki xalqlar həmin bu qaydalarla nizamlanan dünyadan öz paylarını istəsinlər. Müstəqillik istəsinlər. SSRİ dövründə necə idi? 20 Yanvar hadisəsini niyə törətmişdilər? Xalqların müstəqillik addımlarının qarşısını almaq üçün. Bu gün Rusiya və Çinin verdiyi mübarizə bu istiqamətə əsaslanır. Onlar hüquq və beynəlxalq sistem dayalı dövlətçilik istəmirlər. Bu imperiyanın sonu ola bilər, onların dünyaya ağalıq etməyə, xalqları tək, vahid bir etnosun tabeliyi altında tutmaq siyasətinə qarşıdır".

 

Müsahib Çin və Rusiyanın Qərbi ittiham etdiyi "yüksəlişə mane olmaq" iddiaları əsaslıdırmı?" sualını da şərh edib:

 

"Mənə görə, əsassız deyil. Qərb tərəfi görür ki, həm Rusiya, həm də Çində baş qaldıran bir güc var. Bu güc israrla dünya ağalığı uğrunda və dünyanın yenidən bölüşdürülməsi uğrunda ciddi mübarizə aparmağa başlayıblar. Bu da ,əlbəttə ki, Qərbin həm özünün imperiya maraqlarına təhdiddir, həm də pis-yaxşı formalaşmış beynəlxalq sistemin çökdürülməsi üçün atılan addımlardır. Ona görə də, Qərb indi həm özünün imperiyal maraqlarını müdafiə etmək üçün, həm də beynəlxalq sistemi müdafiə etmək üçün, Çin və Rusiyanın onları ötüb keçməsinin qarşısını almaq istəyir. Çünki Çin və Rusiya bir gün gəlib Amerikadan və kollektiv qərbdən daha güclü olacaqsa, o halda onlar, hətta onlara savaş belə aça bilərlər. Yaxud da, onların qoyduqları qayda və qanunları görməzdən gəlib öz imperiyal maraqları üçün ətraf ölkələrə savaş elan edə bilərlər, və ya onları coğrafi sərhədləri aradan qaldırmamaqla müxtəlif beynəlxalq təşkilatlar və ya birliklər şəklində özlərinə tabe edə bilərlər. Bu ,təbii ki, Qərbin digər xalqlara sevgisindən deyil, özünün imperiyal maraqlarına və özünün dünya ağalığı uğrundakı maraqlarına zidd olduğu üçün bu gün Çin və Rusiyanın inkişafının və onlardan daha yüksəliş əldə etməsinin qarşısını almağa çalışırlar. 

Avropanın Rusiya-Çin ittifaqına qarşı vahid strategiyası, fikrimcə, bu gün etibarilə yoxdur. Əvvəlki strategiya isə ,tamamilə, puç oldu, Donald Trampın sayəsində. Çünki Avropa bu günə qədər təkqütblü dünya sistemini, yəni Amerika Birləşmiş Ştatlarının çətiri altında özünün təhlükəsizliyi arxitekturasını tam təmin etmişdi. Yəni, düşünün Donald Trampa qədər kimin ağlına gələ bilərdi ki, bir gün Almaniyaya hücum ola bilər və Almaniya müdafiəsiz qala bilər. Və yaxud, kim Fransaya, İngiltərəyə təhdid dili ilə danışa bilərdi? Avtomatik olaraq, NATO səviyyəsində bir səs çıxacaqdı. Əgər NATO sayəsində birlik təmin olunmadıqda isə, Amerika Birləşmiş Ştatları özü tək başına bu dövlətləri müdafiə üçün əlindən gələni edəcəkdi. Necə ki, Con Baydenin iqtidarı hələ NATO-ya üzv olmayan sadəcə şərqi Avropada Amerika maraqlarına uyğun gələn bir siyasi idarəetməyə malik olan Ukraynanı bir mənalı olaraq müdafiə edirdi və bütün qüvvəsi ilə ona dəstək verməyə çalışırdı. Amma Donald Trampdan sonra bəlli oldu ki, artıq Amerikada bir gün siyasət dəyişə bilərmiş, Amerika üçün sadəcə öz maraqlarından çıxış etmək, hətta yeri gələndə mütəffiq münasibətlər sistemini ənənəvidən yeniyə doğru keçirmək, yəni yeni müttəfiqlər tapmaq.

Bu da Avropanın təhlükəsizlik arxitekturasında ciddi boşluqların olduğu reallığını biruzə verdi. Avropa bu gün Amerika olmadan özünü müdafiə edə bilməz. Amerika çəkilsin bir kənara istər NATO səviyyəsində, istərsə də, ayrı-ayrı dövlətlər, qruplar şəklində".

 

Sonda Həşim Səhrablı qeyd edib ki, Avropa Rusiya və Çini tərəzinin eyni gözünə qoymur:

 

"Fikrimcə, Avropa Rusiya və Çini tərəzinin eyni gözünə qoymur. Çünki Çinin Avropaya gəlib çatması hələ real görünmür və coğrafi uzaqlıq, eyni zamanda tarixən Çinin heç bir mərhələdə Avropaya qarşı ərazi iddialarının olmaması kimi faktorlar imkan verir ki, Çini özünə düşmən yox, lazım gələrsə, bir sıra sahələrdə tərəfdaş kimi qəbul etsin. Avropada burda yalnız Rusiyanı özü üçün təhlükə hesab edə bilər. Çünki zamanla Rusiyanın Avropa ilə müharibələrdə olması imkan verir ki, Avropa öz təhlükəsizlik strategiyasında əsas düşmən kimi məhz elə Rusiyanı ön plana qoysun. Avropa Amerika Birləşmiş Ştatları olmadan özü öz təhlükəsizliyini necə qoruyacaq? 

Çin bunu siyasi bir kart olaraq istifadə edir. Yəni, əslində Çin xatırlatmağa çalışır ki, "Mən heç vaxt nə Avropaya, nə Amerikaya müstəmləkə kimi baxmamışam. Elə bir addımım da olmayıb. Amma siz gəlib, Çində yarı-müstəmləkə dövlət qurmusunuz. Ya da ki, Çini talan etməyə çalışmısınız". Bunlar hamsı qarşı tərəfə bir xatırlatmadır. Məsələn, Çin bu iddianı gəlib bizə ‐ türklərə edə bilməz. Və yaxud da ki, gəlib Hindistana da edə bilməz. 

Əgər həqiqətən də, Çin və Rusiya arasında faktiki və səmimi bir ittifaq, bütün sahələrdə, xüsusən, hərbi sahəni əhatə edən ittifaq bağlanarsa, bu əslində dünya siyasətində köklü dəyişikliklərin başlanması demək olacaq. Çünki bu gün Rusiya Avropaya bütün qüvvəsi ilə hücum etmirsə, cənub sərhədlərinin, şərq sərhədlərinin təhlükəsizliyindən əmin olmamasından irəli gəlir. Və ya Çin. Qərbi, xüsusilə də, Amerika Birləşmiş Ştatlarını bir mənalı olaraq, düşmən qəbul edib, bütün xarici siyasətini ona qarşı çevirmirsə, bu da Rusiyadan müəyyən mənada hansısa təhlükə ehtimalının qalmasında özünü büruzə verir. Ona görə də, Rusiya - Çin mütəffiqliyi əldə olunarsa, və bu iki dövlət bütün siyasi rəqabəti, bütün regional maraqların bir-birinə tərs düşməsi kimi məsələləri bir kənara atıb, mütəffiq münasibətlərə keçid verərsə, bu o deməkdir ki, artıq, xüsusilə, Amerika Birləşmiş Ştatlarına qarşı real bir qarşıdurma yaranacaq".

 

Lalə Qafarova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər