DÜYÜNÜN QİYMƏTİNDƏ ARTIM OLA BİLƏR
Asiyada düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Cənub-Şərqi və Şərqi Asiya ölkələri yəni, Çin, Hindistan, İndoneziya və Tailand ən çox düyü istehsal edən ölkələrdir. Lakin hazırda onlar istehsalı xeyli azaltdığından bazarda qiymət artımı və qıtlıq müşahidə olunur. Düyü istehsalçılığı üzrə lider olan Taylandda ağ düyünün qiyməti 5 faiz artaraq, 1 ton üçün 648 dollara çatıb. Beləliklə, son bir ildə qiymət artımı demək olar ki, 50 faizə çatıb. İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, dünyanın ən böyük ikinci düyü ixracatçısı olan Hindistanda ağ düyü sortlarının ixracına demək olar ki, qadağa qoyulub. Məqsəd daxili qiymət artımlarının qarşısını almaqdır. Əslində qadağan olunmuş sortlar isə ümumi düyü ixracının 25 faizini təşkil edir. “Düyü bazarındakı problemlər idxalçı kimi yerli bazara təsir göstərə bilər. 2023-cü ilin yanvar-iyun aylarında 32 milyon 506 min dollar dəyərində yəni, 36 min 430 ton düyü idxal edilib. Bu ilin 6 ayı ötən illə müqayisədə düyü idxalı 22,1% artıb”. 2023-cü ilin 6 ayında 1 ton düyünün orta idxal qiyməti 892 dollar idisə, keçən il bu rəqəm 842 dollar civarında olub. Beləliklə, bu il düyünün orta idxal qiyməti 50 dollar bahalaşıb.
İqtisadçı Xalid Kərimli deyir ki, Azərbaycan idxalda Hindistandan asılıdır. “Hindistandan başqa biz Rusiya Qazaxıstan Pakistan İran düyü idxal edirik. Lakin əsas idxalımız 80, 90 faiz Hindistandan təşkil edilir. Təbii ki, Hindistanın tətbiq etdiyi bu məhdudiyyət həm dünya bazarında həm də Azərbaycanda düyünün qiymətlərini artıracaq. Çünki Tayland düyü bazarında önəmli rol oynayır. Taylandda oxşar addımlar atmaqdadır”.
Düyüyə olan tələbatının 70-80 faizini Hindistandan ödəyən Azərbaycanda bu məhsul qıtlığı gözlənilməsə də, qiymət artımları istisna olunmur. Artım 20-30 faiz ccivarında proqnozlaşdırılır. Bu prosesin sürətlənməsinin qarşısının alınması üçün düyü idxalında əlavə dəyər vergisinin müəyyən müddətlik ləğv edilməsi müvəqqəti də olsa, əsas həll yollarından bir kimi göstərilir.
FİDAN