00:00:00
Yazar
Admin User
22.10.2025 18:12 182 2 dəq oxuma
Siyasət

Dağıstana hücum: müharibə coğrafiyasının genişlənməsi və dronların rolu

Dağıstana hücum: müharibə coğrafiyasının genişlənməsi və dronların rolu

 

Ukrayna Silahlı Qüvvələrinin PUA-larla Rusiyanın Dağıstan bölgəsinə zərbə endirməsi regionda vəziyyəti yenidən gərginləşdirib. Dağıstan başçısı Sergey Melikov hadisə nəticəsində dağıntıların dəqiqləşdirildiyini, lakin ölən və yaralananların olmadığını bildirib. Bu hadisə Rusiya-Ukrayna münaqişəsinin coğrafiyasının genişlənməsi ehtimalını gündəmə gətirir.

 

Mövzu ilə bağlı politoloq Telman Nüsrətoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, müharibələrin qaydaları olmur:

 

"Beynəlxalq hüquqa görə müharibələrin də bəlli bir qaydaları olmalıdır, amma çox təəssüf ki, hazırkı şəraitdə diplomatik təşəbbüslərin heç birisi fayda vermir və Rusiya-Ukrayna müharibəsinin reallığının da, dağıdıcılığının da, ölümcüllüyünün də artması, şiddətlənməsi ehtimalı artır. Bu, təbii olaraq indiki müharibə xarakteri etibarilə bir qədər dron müharibəsidir; total müharibə deyil. Daha çox müxtəlif əməliyyatlarla bu və ya digər ölkənin müqavimətinin qırılması və ya onun strateji nöqtələrinin vurulması önəmli bir istiqamətdir. Ukrayna çox ciddi PUA istehsalı gücünə malikdir və buna görə assimetrik bir müharibə aparmaqda daha çox maraqlıdır, çünki qüvvəsi konvensional bir müharibədə qələbə çalmaqdan daha çox nöqtə əməliyyatları ilə Rusiyanın müqavimətini qırmaq, müharibəni bütün Rusiya coğrafiyasında hiss etdirmək və bir şəkildə, Rusiyanı nəzərə alsaq ki, bir xalqlar federasiyasından formalaşır, o xalqları da etirazlarını dövlətə qarşı, müqavimətlərini təşkil etməyə çalışdırmaq məqsədi güdür. Təbii ki, hücumlarda bu da var".

 

Politoloq vurğulayıb ki, təəssüfedici məqam ondan ibarətdir ki, Dağıstan bizim mədəniyyət hinterlandımızda, coğrafiyamızda yer alan bir bölgədir:

 

"Orada bizim soydaşlarımız, dindaşlarımız yaşamaqdadır. İstəmirdik ki, orada hər hansı dağıntı və insan tələfatı olsun, amma Rusiya Federasiyasının bütün bölgələri kimi Dağıstan da bu müharibədən sığortalanmayıb. Müharibə dayanana qədər bu tipli əməliyyatların fəallığı genişlənəcək. Ukraynanın əsas məqsədi Rusiyaya qarşı müxtəlif sahələrdə və çoxşaxəli risklər formalaşdırmaqdır. Təbii ki, məqsəd mümkün olan qədər danışıqlar masasında güzəştə məcbur etməkdir. Bu hücumlardan bunu anlamaq mümkündür".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər