Dağlıq Qarabağ münaqişəsinin həlli hegemon iradəyə bağlıdır – Hikmət Babaoğlu
AŞPA-nın qış sessiyasında “Azərbaycan Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” qətnaməsi qəbul edilməməsinə bir səbəb kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı qətnamənin müzakirəsi öncəsi etiraz bəyanatı verməsi, bununla da, digər beynəlxalq təşkilatların işinə müdaxilə etməsi göstərilir.
İnformator.az xəbər verir ki, məsələ ilə bağlı İnterAz-a müsahibə verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bəzi regional və beynəlxalq təşkilatlar dünya siyasətini müəyyənləşdirən ayrı-ayrı imperialist mərkəzlərin xarici siyasət riçaqı kimi çıxış edirlər, ikili standartlar da burdan yaranır.
“Çox təəssüf ki, məsələ müzakirə olunanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin nə beynəlxalq hüquqa, nə də həmsədrlik etikasına sığmayan hərkətlərini gördük. Ona görə də, mən hesab edirəm ki, bunun əsasında Avropada çox yayılmış sivilizasiyaların qarşıdurması fəlsəfəsi dayanır. Eyni zamanda İslamafob, ümumi Avropa dünyagörüşü dayanır ki, onlar Azərbaycanı bu konteksdə qiymətləndirilər. Çox təəssüf ki, əksər hallarda onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz müsəlman xristian, sivilizasiyaların qarşıdurması konteksində qiymətləndirirlər. Hər zaman ATƏT üzvü olan ölkələr ayrılıqda və ya birlikdə Ermənistanın haqsız mövqeyini müdafiə edirlər. Lakin buna baxmayaraq 2007-ci ildən cənab prezident İlham Əliyevin elan etdiyi hücum diplomatiyası prinsiplərinə sadiqdir. Biz hüquq çərçivəsində məcbur etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması bütün beynəlxalq təşkilatların o cümlədən ATƏT-in AŞPA-nın qəbul etdiyi sənədlərdə öz əksini tapsın”-deputat əlavə edib.
İran üzərindən sanksiyaların götürülməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasının gündəmə gəlməsinə münasibət bildirən Hikmət Babaoğlu bildirdi ki, hansı formatın seçilməsindən asılı olmayaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bir neçə hegemon iradəyə bağlıdır: “Bunlardan biri bizim şimal qonşumuzdur, ikinci tərəf isə bu gün dünya siyasətini müəyyənləşdirən qərb ittifaqıdır. Ona görə də həmsədrlərin kim olmasının o qədər də əhəmiyyəti yoxdur. Formatın ATƏT və ya qeyri-ATƏT çərçivəsində olmasının da heç bir əhəmiyyəti yoxdur. Əgər dünya siyasətini müəyyənləşdirən hegemon siyasi iradə qərar qəbul etsə ki bu problem həll edilməlidir, o zaman nə ATƏT-ə, nə ATƏT-in Mİnsk qrupuna nə də onların mandatına ehtiyac var. Yeterki bu siyasi iradə istəsin”.
