00:00:00
Yazar
Admin User
25.09.2025 18:05 103 3 dəq oxuma
Siyasət

Daha 6 ölkə Fələstini tanıyıb

Daha 6 ölkə Fələstini tanıyıb

İsrail Baş naziri Benyamin Netanyahu bir neçə ölkənin Fələstin dövlətçiliyini tanımaq qərarını şərh edərkən bildirib ki, bəzi liderlərin Fələstinə təslim olması İsraili heç bir şeyə məcbur etməyəcək. Fələstin dövləti qurulmayacaq.


Qeyd edək ki, bundan əvvəl BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər. Bundan başqa, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb.


Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, indi İsrail siyasətini dəstəkləyən ölkələr, hətta Tramp belə əvvəlki kimi İsraili dəstəkləyə bilmir:


“2023-cü il 7 oktyabrdan, terror aktından sonra baş verən bütün hadisələr onu göstərib ki, cavab olaraq Netanyahu hakimiyyəti heç də əlverişli mövqe seçməyib və Qəzza zolağına qarşı iki milyondan çox mülki əhaliyə, qadınlara, uşaqlara qarşı olan zorakılıq heç də terrorla mübarizəyə bənzəməyib. Bu, böyük bir prinsipial səhv olub və İsrailin imicinə güclü zərbə vurub. Hətta indi vəziyyət ona gəlib çıxıb ki, ənənəvi İsrail siyasətini dəstəkləyən ölkələr və siyasi qurumlar, dairələr, hətta Trampın özü də əvvəlki kimi İsraili dəstəkləyə bilmir. Ona görə ki, beynəlxalq hüquq var. İki dövlət olmalıdır. İsrail var, Fələstin dövləti də olmalıdır. Ərazisi də bəllidir. Netanyahu və heç kim buna qarşı çıxa bilməz. Nyu-Yorkda səksəninci, yəni yubiley BMT-nin zirvə toplantısında gördük ki, Fələstini tanıyan ölkələrin sayı çoxalır. Əksər dünya ölkələri tanımaq üzrədir, siyahı böyüyür. Əsasən Təhlükəsizlik Şurasının üzvlərinin bir qismi tanıyıb. Böyük yeddilik, böyük iyirmilik ölkələrinin əksəriyyəti tanıyıb və bu o deməkdir ki, beynəlxalq hüquq tərəfindən də Fələstin dövlətinin mövcudluğu dəstəklənir. Fələstin dövlətinin tərkibində tanınan ərazilər həm Qəzza zolağıdır, həm İordan çayının qərbidir, həm Colan tepələridir. Yəni, bütün bu ərazilər Fələstin dövlətinin tərkib hissəsi kimi tanınıb. Bunların əksəriyyətini də, deməli, faktiki olaraq İsrail işğal edib. 1967-ci ilin sərhədləri tanınılıb və Fələstin dövlətinə bəlli ölkələr tərəfindən tam hüquqlu, beynəlxalq hüquqa əsaslanaraq, tək iqtisadi yox, həm də hərbi-siyasi, hərbi-texniki dəstək gələcək ki, tanınılan dövlətdirsə, bunu qorumaq lazımdır. O baxımdan, Netanyahu hakimiyyətinin seçdiyi yol tam öz yanlışlığını göstərib. Amma Netanyahu da seçdiyi yoldan üz döndərmir. Ona görə ki, müharibə dayansa, bütün bu müharibənin və Netanyahu hakimiyyəti ilə bağlı başqa korrupsiya məsələləri, məhkəmə ittihamları var. Bu, Netanyahu üçün çox ağır olacaq, yəni müharibə qurtaran kimi başda Netanyahu özü olmaqla Netanyahu kabinetinin çoxlu siyasi aktiv məmurlarına qarşı dediyim məhkəmə prosesləri başlayacaq. Bu olmasın deyə Netanyahu müharibəni davam etdirməyə məcburdur. Çünki hərbi vəziyyət olduqca, Netanyahuya qarşı məhkəmə qurula bilməz. Amma burada Netanyahunun marağına görə İsrail dövlətinin marağı zərbə altında qalıb. İsrail dövlətinə dost olan ölkələr ənənəvi olaraq İsrailə dəstək verə bilmir. İsrail xalqı qərar qəbul etməlidir ki, bu yolun sonu nədir. Amma yolu geri dönmək də yoxdur. Yəni Fələstin dövləti tanınıbsa, yəqin ki, ən yaxşı yol o olardı ki, İsrail hakimiyyətinə elə insanlar gəlsin ki, Fələstin dövlətinin mövcudluğu reallığını tanıyaraq yeni bir mərhələyə, dönəmə ayaq bassınlar. İsrail dövlətini və yeni geosiyasi konfiqurasiyanı tanıyaraq, İsrail dövlətinin təhlükəsizliyi üçün daha əlverişli qərarlar qəbul etsinlər. Müharibə qərarları yox, sülh, əmin-amanlıq və dialoq”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər