"Danışıqların iflası yeni müharibə ehtimalını artırır"- AÇIQLAMA
ABŞ-İran münasibətlərində gərginlik yenidən artmaqdadır. ABŞ Prezidenti Donald Tramp İranı Amerika hərbçilərinə qarşı istənilən hücuma görə sərt şəkildə xəbərdar edərək, belə halların ağır hərbi cavabla nəticələnəcəyini bildirib. Onun açıqlaması Vaşinqtonun regiondakı təhlükəsizlik məsələlərinə həssas yanaşdığını və ABŞ-nin öz hərbçilərinin təhlükəsizliyini prioritet hesab etdiyini bir daha nümayiş etdirir.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və İranın münasibətlərinin gərginləşməsi və müharibənin yenidən bərpa olunması tərəflərin danışıqlara və razılığa hələ hazır olmamasından irəli gəlir:
“Müxtəlif ölkələr münaqişənin sülh və diplomatik yollarla həllinə çalışdılar. Burada əsasən Pakistan və Türkiyə mühüm rol oynadı. Türkiyə hələ də səy göstərir ki, ABŞ və İran arasında müharibə olmasın. Amma bu, ümumi həll yolu deyil. Çünki tərəflərin hər biri özünü qalib hesab edir və növbəti müharibə ilə tam üstünlüyü ələ almağa cəhd edir.
Xüsusən burada Yaxın Şərqə sirayət edən məqamlar var. Maraqlar təkcə İranın nüvə proqramı ilə bağlı deyil. Burada Hizbullah, Yəmən, İraq, Livan, Suriya, İsrail və Fələstin məsələləri də mövcuddur. Problem çoxşaxəlidir. Tərəflər arasında qarşılıqlı hücumlar artır.
ABŞ və İsrailin ötən müharibədə toqquşması zamanı Vaşinqton tam qərarlı deyildi. Xüsusən İsraillə birgə addım atdığına görə və İsrailin Qəzzada tökdüyü qanlar hələ qurumamış olduğundan beynəlxalq təsirlər və təzyiqlər çox idi. Ona görə ABŞ əl saxlamalı oldu. Hətta ABŞ-nin özündə də Donald Tramp administrasiyasına qarşı etirazlar vardı. Lakin indi ABŞ İrana Körfəz ölkələrini vurmağa imkan yaratdı və İsraili qatmadan hücumlar etdi. Hüquqi və siyasi əsaslar yaratmaq üçün İranın ABŞ əsgərlərini öldürməsi onlara bir dəstək vermiş olur. Böyük ehtimalla müharibə yenidən aktivləşəcək. Sadəcə, İrana qarşı fasiləli hücumlar etməklə həm Tehranı Körfəz ölkələrini hücuma təhrik edirlər, həm də hərbi potensialının nəyə qadir olduğunu, strateji hədəflərinin hansı nöqtələr olduğunu dəqiq müəyyən etmək məqsədi daşıyırlar. Artıq müəyyən edilib ki, İranın bu savaşda raketlərinin hədəfi əvvəlkindən daha dəqiqdir. Artıq buna uyğun olaraq ABŞ və İsrail havadan müdafiə sistemlərini hansı formada yeniləmək lazım olduğunu dəqiqləşdirmiş olur. İran və ABŞ-İsrail arasında həlledici müharibənin olması labüddür, lakin bu, zaman məsələsidir. Tərəflər əhəmiyyətli strategiya seçimi üçün çalışırlar. Əsasən də ABŞ və İsrailin axtarışları, hərbi müdaxilə məsələsində fikir ayrılığı var. Quru qoşunlarının yeridilməsinin hansı təhlükələr yarada biləcəyi və Türkiyə ilə Pakistanın müdaxilə edib-etməyəcəyi tərəddüd doğuran məsələlər arasındadır. ABŞ İrana qarşı böyük və elan edilmiş savaş açmasa da, lokal hücumlarla daxili gərginliyi artırıb əhaliyə də təsir etməyi nəzərə tutur. Hər bir halda İran ABŞ-nin hərbi və siyasi hədəfindədir və danışıqların iflasa uğraması yeni müharibə ehtimalını gücləndirir".
Mehriban Yariyeva