00:00:00
Yazar
Admin User
19.08.2025 16:07 162 2 dəq oxuma
Sosial

Daxili boşluq hissinin səbəbləri və çıxış yolları

Daxili boşluq hissinin səbəbləri və çıxış yolları

Müasir dövrdə bir çox insan həyatında müəyyən uğurlar qazansa belə, içində izaholunmaz bir boşluq hissi ilə üzləşir. Bu duyğu bəzən məqsədsizlik, bəzən də emosional yorğunluq kimi özünü göstərir və gündəlik həyata mənfi təsir edir. İnsan özünü ətrafdakılardan uzaq, motivasiyasız və sanki “boş bir qəfəsin içində” kimi hiss edə bilər.


Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva “İnformator.az”a açıqlamasında bildirib ki, daxili boşluq insanın ruhunda nəyinsə çatışmadığını hiss etməsidir:


“Daxili boşluq psixologiyaya aid bir termindir. Yəni insanın içində yaşadığı emosiyaları hiss etməməsidir. İnsan daxilində bir boşluq hiss edir. Amma bu boşluq fiziki bir boşluq deyil, ruhunda yaranan bir boşluqdur. Ona görə də ona elə gəlir ki, nəsə çatmır. Elə bil ki, nəsə olmalıdır, bu bir ehtiyacdırmı, əksiklikdirmi, bunu da ayıra bilmir. Ona görə də, əhvali-ruhiyyəsində, enerjisində fərqliliklər görünür. Özünü narahat hiss edir, həyata olan baxışından zövq almır. Ona bəzi şeylər mənasız gəlir. Daxili boşluğuq zamanı insan nəyi isə tamamlamalı olduğunu hiss edir, amma nə olduğunu bilmir. Ona görə də bəziləri o boşluğu yeməklə doldurmağa çalışır, bəziləri isə alışveriş kimi fəaliyyətlərlə. Belə şəxslərdə yemək problemi, pulu idarə edə bilməmək kimi problemlər yaranır”.


Psixoloq qeyd edib ki, bu vəziyyət müxtəlif hallarda yarana bilər:


“Emosional ehtiyacların qarşılanmaması daxili boşluq hissinə gətirib çıxara bilər. Məsələn, bu şəxslərdə sevgi, diqqət, qayğı kimi ehtiyaclar ödənməmiş olur. Yaxud da ki, travma yaşayıb, hər hansı bir itkisi olub. Bu travmadan dolayı özünü yetərsiz, dəyərsiz hiss edə bilər. Tərk edilmə qorxusu da daxili boşluğa gətirib çıxara bilər. Uşaq vaxtı valideynləri onların iradəsinin üzərində çalışmadıqları üçün böyüyəndə məqsəd və dəyərləri də olmur. Buna görə həmin insanların içindəki daxili boşluq onların həyatında konkret məqsədin olmadığını və ya az olduğunu göstərir. Bəs bu hal nələrə gətirib çıxara bilər? Əsasən, psixoloji pozuntulardan depressiyaya, natamamlıq kompleksinə, özgüvənsizliyə, təşviş pozuntularına gətirib çıxara bilər.


Hər şeydən öncə onlar mütləq surətdə psixoterapiya dəstəyi almalıdırlar. Psixoterapiya onlara çox şey qazandıracaq. Onlar özünü tanıyacaq, dəyərlərini müəyyənləşdirəcək, duyğularını ifadə etməyi öyrənəcəklər. Həyatları üçün kiçik hədəflər qurulacaq. Müsbət bacarıqlarını ortaya qoyacaqlar və beləliklə də daxili boşluqlarını doldurulmuş olacaqlar”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər