Dilimiz təhlükə altındadırmı? Azərbaycan dilinin saflığı və gələcəyi
Dil hər bir xalqın kimliyinin, düşüncə tərzinin və tarixi yaddaşının daşıyıcısıdır. Azərbaycan dili yüzilliklər boyu müxtəlif təsirlərə məruz qalsa da, öz milli ruhunu və ifadə gücünü qoruyub saxlamışdır. Lakin qloballaşma, sosial media, yad dillərin təsiri, eləcə də məsuliyyətsiz dil istifadəsi bu gün dilimizin saflığı və təmizliyi ilə bağlı ciddi suallar yaradır. Gündəlik danışıqda, mediada, reklam və rəsmi yazışmalarda dil normalarının pozulması artıq adi hala çevrilib. Bu müsahibədə Azərbaycan dilinin mövcud vəziyyəti, qarşılaşdığı təhlükələr və onun qorunması yolları ətrafında mütəxəssis mövqeyini öyrənməyə çalışacağıq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında BDU-nun doktorantı Nuranə Həsənova bildirib ki, Azərbaycan dilinin saflığının qorunması anlayışı məhz “Əkinçi” qəzetindən başlayır:
“Məqalələrdə də oxuyub, öyrənmişik ki, 1875-ci ildə “Əkinçi” qəzeti yarananda M.F.Axundov Həsən bəy Zərdabiyə məktub göndərir və həmin məktubda xüsusi olaraq vurğulayır ki, “Qəzet başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə də çalışmalıdır. Qəzetin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, zərifliyi və aydınlığı olmalıdır”. Orfoqrafiyaya gəlincə isə, gələcəkdə təyin ediləcək mühərrir onun Azərbaycan dilində olan komediyalarının orfoqrafiyasına riayət etməlidir və bu sahəni yaxşı bilən bir redaktor qəzetdə fəaliyyət göstərməlidir. Fikir verirsinizsə, XIX əsrin sonlarında səsləndirilən bu fikirlər bu gün də aktuallığını qoruyur. Azərbaycan dilinin saflığının qorunmasına daim həssaslıqla yanaşan İlham Əliyev bu yaxınlarda Azərbaycan televiziyalarına verdiyi müsahibədə qeyd etmişdir ki, audiovizual media dil siyasətinin həyata keçirilməsində mühüm tərəfdaş kimi çıxış etməli, dilin normativliyinin qorunmasına və dil mədəniyyətinin yüksəldilməsinə töhfə verməlidir. Göründüyü kimi, XIX əsrdə Mirzə Fətəli Axundovun söylədiyi fikirlər bu gün də qəzetlərdə, kütləvi informasiya vasitələrində, televiziyada, internetdə və sosial şəbəkələrdə Azərbaycan dilinin normativ qaydalarına riayət olunmasının vacibliyi ilə səsləşir. Azərbaycan dilini qorumaq və inkişaf etdirmək hər birimizin borcudur. Ümumiyyətlə, Azərbaycan dili çətin tarixi və siyasi dövrlərdə millətin varlığını yaşatmaq üçün əsas vasitələrdən biri olub. Təsadüfi deyil ki, XX əsrin əvvəllərində dahi bəstəkar və publisist Üzeyir Hacıbəyli də qeyd edib ki, ana dilimizə əhəmiyyət verməsək, bir gün dilimiz yox ola bilər; bir millətin dili batarsa, o millətin özü də batar. Çünki bir millətin varlığının, yaşamasının isbatı onun dilidir”.
Həsənova eyni zamanda dil ilə bağlı məqalələrin bəzilərini sadalayıb:
“Üzeyir Hacıbəylinin “Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhü”, “Hansı vasitələrlə dilimizi öyrənib kəsbi-məarif etməliyik?” və “Dilimizi korlayanlar” məqalələrini hər kəsə oxumağı tövsiyə edirəm. Çünki XX əsrin əvvəllərində dilimizin saflığının qorunması ilə bağlı qaldırılan problemlər bu gün də gündəmdədir və həmin məqalələrdə bu mövzu ilə bağlı bir çox sualların cavabı öz əksini tapmışdır. Ən maraqlısı isə budur ki, əsrin əvvəllərində qələmə alınan bu məqalələr günümüzdə də aktuallığını qoruyur. Dil insanın bütün ehtiyaclarını, ağla gələn və qəlbdə doğan hissləri ifadə etmək üçün əsas vasitədir. Belə olduğu halda, biz Azərbaycan dilinin zəngin və səlis inkişafına öz töhfəmizi verməliyik və danışıq zamanı çalışmalıyıq ki, Azərbaycan dilinin sözlərindən istifadə edək. Ana dilimizin qorunması hər birimizin borcudur və onun keşiyində layiqincə dayanmalıyıq. Xüsusilə ziyalılar və alimlər doğma dili qorumağı bacarmalı, onun inkişafına nail olmalı, onu yad ünsürlərdən hifz etməlidir. Elə bir dil yoxdur ki, zamanla onun lüğətinə yeni sözlər və ifadələr daxil olmasın. Yeni sözlər hər bir dilə daxil olaraq onu zənginləşdirir və inkişaf etdirir. Biz uzun müddət Rusiyanın hakimiyyəti altında olmuşuq və rus dilindən sözlər lüğətimizə keçib. Bundan əvvəl ərəb və fars dillərindən də sözlər olub. Hazırda isə ingilis dili dünyada geniş yayıldığı üçün bu dildən də sözlər dilimizə daxil olur. Lakin əgər hansısa sözün Azərbaycan dilində qarşılığı varsa, biz həmin qarşılığı işlətməliyik. Məsələn, “vorotnik” əvəzinə “yaxalıq” sözünü işlətmək daha düzgündür. Amma elə sözlər də var ki, onların qarşılığını süni şəkildə yaratmağa ehtiyac yoxdur. Kütləvi informasiya vasitələrində ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün bu sahəyə sistemli və kompleks yanaşma olmalıdır. Azərbaycan dilinin saflığının qorunması və inkişafının təmin olunması istiqamətində dövlət vasitəsilə müəyyən vəzifələr qarşıya qoyulub. Hər bir vətəndaş ana dilinin qaydalarına riayət etməli və onun saflığını qorumalıdır”.
Müsahibimiz həmçinin müasir Azərbaycan dilinin həyəcanlı bir dövr yaşadığını da qeyd edib:
“İnternetdə və sosial şəbəkələrdə dildən maneəsiz istifadə olunur və bu zaman tez-tez orfoqrafik səhvlərə yol verilir. Sözlərin qısaldılaraq yazılması, Azərbaycan şriftlərinin istifadə olunmaması, xarici sözlərin həddindən artıq işlədilməsi qarışıq dilin yaranmasına səbəb olur. Məsələn, “iclas başladı” əvəzinə “mitinq başladı”, “mesaj göndərdim” əvəzinə “mesajı send etdim” kimi ifadələr işlədilir. Bu isə dilimizin səlisliyini pozur. Media nümayəndələri və ümumilikdə hər birimiz sosial şəbəkələrdə və internetdə Azərbaycan dilinin normalarına xüsusi diqqət yetirməliyik. Əgər biz özümüz dil qaydalarına riayət etməsək, başqalarından bunu tələb etməyimiz düzgün olmaz. Məktəblərdə Azərbaycan dilinin tədrisi onun düzgün və səlis istifadəsi üçün əsas rol oynayır. Lakin dilin inkişafı təkcə məktəbdən asılı deyil, ailə də bu prosesdə mühüm rol oynayır. Ünsiyyət bacarıqlarının artırılması üçün Azərbaycan dilində bədii əsərlərin oxunmasına xüsusi diqqət yetirilməlidir. Valideynlərin dəstəyi ilə uşaqlarda dilə sevgi formalaşdırılmalı, ana dilinin saflığının qorunmasına həssas münasibət yaradılmalıdır. Beləliklə, şagirdlərin rahat və düzgün Azərbaycan dilində ünsiyyət qura bilməsi üçün həm məktəbdə, həm də ailədə uyğun dil mühiti yaradılmalıdır”.
Banuçiçək Məmmədova
