Diplomatik hədəf vurulub-Yaxın Şərq alovlanır
İran mediası Tehranın Əbu-Dabidə İsrail səfirliyinin yerləşdiyi binaya PUA ilə zərbə endirdiyini iddia edir. Rəsmi təsdiq yoxdur. Bildirilir ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda bölgədə gərginlik artıb. İddialara görə, zərbələr nəticəsində Əli Xamenei də həlak olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, təbii ki, İran və ABŞ arasında baş verən hadisələr region üçün də arzuedilməzdir:
“Savaşın uzanması həm regionda sabitliyin təhlükə altına düşməsi, həm də Yaxın Şərqdəki problemlərin artması deməkdir. İranın ABŞ bazaları yerləşdiyi Yaxın Şərq ölkələrinə zərbə endirməsi həmin dövlətləri də müharibəyə sövq edə bilər. Diplomatik nümayəndəliklərin hədəfə alınması isə təbii ki, beynəlxalq hüquqa ziddir. Müharibənin daha da geniş miqyas almaması üçün beynəlxalq təşkilatların hərəkətə keçməsi zəruridir. Çünki İranda liderlərin fiziki cəhətdən aradan götürülməsi ümumi sistemin və hakimiyyətin dəyişməsinə gətirib çıxarmaya da bilər və nəticədə ABŞ yenə də məqsədlərinə nail olmadan bataqlığa bata bilər. Çünki uzaq məsafədən uzun müddət savaş aparmaq o qədər də asan deyil. Hər bir halda müharibəsiz həll yoluna gəlinməsi vacibdir. Savaş iqtisadi, ticari və kommunikasiya əlaqələrini də Yaxın Şərqdə iflic edə bilər ki, bu böyük böhran bütün dünyaya sirayət edər. İranın Hörmüz boğazını bağlaması neftin qiymətinə təsir edə və digər iqtisadi problemlər yaşana bilər. Ümumiyyətlə, bütün bu proseslərin nizama salınması üçün əsası BMT-nin müvafiq addımlar atması gözlənilir”.
Gövhər Mehyəddinova
