Diplomatiya yolu vacibdir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində prezident Kasım-Jomart Tokayev Vladimir Zelenski ilə görüşdə bildirib ki, son dərəcə çətin vəziyyətdə münaqişəyə son qoymaq yollarını tapmaq üçün diplomatik səylər davam etdirilməlidir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Rusiya–Ukrayna müharibəsinin uzanması təbii ki, region ölkələrini də narahat edib:
"O cümlədən Qazaxıstanı da narahat edir. Qazaxıstan Respublikasının Prezidentinin münaqişəyə son qoymaq üçün diplomatik səyləri davam etdirmək istəyi müharibənin genişlənməsi narahatlığından doğub. Qazaxıstan öz neytral mövqeyini qoruyub. Müharibənin bölgəyə sıçrama ehtimalı böyükdür və ona görə də diplomatik vasitələrdən maksimum istifadəyə ehtiyac var. Bu, Qazaxıstanın mövqeyidir. Vasitəçilik missiyasını götürməsi üçün tərəflərin təklifi lazımdır. Qazaxıstanın bu cür addımları Mərkəzi Asiya ölkələrində balans siyasətinə müsbət təsir göstərir və rolunu artırır. Qazaxıstanın Ukrayna və Rusiya arasındakı münaqişənin nizamlanmasında vasitəçilik rolu mümkündür. Mərkəzi Asiyada türk dövlətlərinin artan nüfuzu, əsasən Qazaxıstanın tutduğu mövqe onu bu mövzuda aparıcı rola sahib edə bilər. Rusiyanın zəifləyən nüfuzu, itirilən reytinqi güclənən, sıxlaşan türk birliyi qarşısında daha da zəifləyib".
Aygün Babayeva
