00:00:00
Yazar
Səadət Əlizadə
15.06.2026 15:14 24 3 dəq oxuma
Sosial

Diplomsuz ekspertlər cəmiyyət üçün təhlükədirmi?

Diplomsuz ekspertlər cəmiyyət üçün təhlükədirmi?

Sosial şəbəkələrdə tibb, hüquq və maliyyə sahələrində çıxış edən şəxslərin rəsmi diplomu və ya lisenziyası olmalıdır. Bu barədə deputat Kamal Cəfərov bildirib. Bu cür əsassız və ya qeyri-peşəkar çıxışlar insanların fiziki və psixoloji sağlamlığına ciddi zərər vura bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, sosial şəbəkələrdə bu məsələyə iki fərqli tərəfdən baxmaq lazımdır:


“Burada birmənalı fikir yürütmək doğru olmaz.
Bir qrup insan sosial şəbəkələrdə öz fikirlərini, təcrübələrini bölüşür, məlumatlar çatdırır. Bu, tamamilə normaldır. Fikir azadlığı və informasiya azadlığı mövcuddur. Sosial şəbəkələr də məhz insanların öz fikirlərini sərbəst şəkildə paylaşması üçün yaradılıb.

Məsələnin digər tərəfi isə bilavasitə həmin sahədə fəaliyyət göstərən şəxslərlə bağlıdır. Məsələn, əgər kimsə sosial şəbəkə üzərindən həkim kimi xəstə qəbul edir, hüquqi xidmət göstərir və ya maliyyə xidməti təklif edirsə, bu zaman onun müvafiq təhsili və peşə hazırlığı olmalıdır. Bu tələb yalnız birbaşa xidmət göstərən şəxslərə aid edilə bilər.

Digər insanlar isə sadəcə məlumatlandırıcı, maarifləndirici, reklam xarakterli və ya fikir bildirən paylaşımlar edə bilərlər. Onların fəaliyyətinə görə hər hansı xüsusi təhsil və ya diplom tələb etmək düzgün olmaz. Sosial şəbəkələrin məqsədi insanların fikir mübadiləsi aparmasıdır.

Yalnız birbaşa həmin sahədə fəaliyyət göstərən, müştəri cəlb edən, kommersiya fəaliyyəti aparan və xidmət təklif edən şəxslər üçün müəyyən tələblər qoyula bilər. Çünki burada artıq faktiki fəaliyyət və xidmət göstərilməsi məsələsi ortaya çıxır. Digər hallarda söhbət sadəcə informasiya paylaşımından, müzakirədən və fikir bildirməkdən gedir.

Bəzi sahələr var ki, onlar insanların həyatı və sağlamlığı ilə birbaşa bağlıdır. Belə hallarda müəyyən tələblərin qoyulması başadüşüləndir. Məsələn, əgər bir şəxs həkim kimi xəstə qəbul edir, müalicə aparır və bununla bağlı sosial şəbəkələrdə çağırışlar edirsə, onun həmin sahədə təhsili olmalıdır. Eyni qayda hüquqi xidmət göstərən şəxslərə də aid edilə bilər.

Maliyyə sahəsində isə məsələyə daha fərqli yanaşmaq lazımdır. Elə insanlar var ki, xüsusi təhsilləri olmasa da, uzun illərin praktik təcrübəsi nəticəsində maliyyə məsələlərini çox yaxşı bilirlər. Məsələn, bir şəxs mühasibat işini praktikada öyrənib və hazırda müəyyən sadə xidmətlər göstərir. O, işini peşəkar şəkildə yerinə yetirir və heç kimə zərər vermirsə, ondan mütləq diplom tələb etmək və ya fəaliyyətinə mane olmaq doğru olmaz.

Ona görə də bu məsələlərə balanslı yanaşmaq lazımdır. Yalnız insanların həyatı və sağlamlığı üçün ciddi risk yarada bilən sahələrdə, birbaşa müştəri cəlb edən və ödənişli xidmət göstərən şəxslərdən müvafiq təhsil və ya peşə hazırlığı tələb oluna bilər. Qalan hallarda isə insanlar öz fikirlərini bölüşə, məlumat verə və müxtəlif mövzuları müzakirə edə bilərlər. Bu, fikir azadlığının və demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Dünyanın əksər ölkələrində də insanların öz fikirlərini ifadə etməsinə maneə yaradılmır”.


Səadət Əlizadə

#xəbər #cəmiyyət #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər