DONALD TRAMPIN YENİ VƏDLƏRİ
Amerikada prezident seçkiləri yaxınlaşır. Hər il olduğu kimi seçkiqabağı təbliğat kampaniyası aparan prezidentlər arasında gərginlik davam edir. Onlar vətəndaşlara müxtəlif vədlər verməklə səs çoxluğu əldə etməyə çalışırlar. Onlardan biri də Donald Trampdır. Sabiq dövlət başçısı hansı vədlərlə səs çoxluğunu toplamağa çalışır və ABŞ-nin bundan sonrakı taleyi necə olacaq?
ABŞ-nin sabiq dövlət başçısı Donald Tramp son zamanlarda verdiyi vədlərlə diqqət çəkir. O, yenidən prezident seçilərsə bir neçə ölkədən Amerika qoşunlarını çıxaracağını bildirib. Həmin ölkələrin adlarını isə, hələlik, açıqlamayıb. Siyasi şərhçi Əlimusa İbrahimov deyir ki, Tramp əsasən qızğın nöqtələri nəzərdə tutur, yaxın və Orta Şərqi nəzərdə tutur. "Burada bildiyimiz kimi, Suriyada onun qoşunları var, İraqda qoşunları var, Yəməndə qoşunları var, Səudiyyə Ərəbistan və Qətərdə və bu kimi ölkələrdə qoşunları var. Düşünürəm ki, əgər qoşunları çıxardıram deyirsə, təbii ki, büdcədən ən çox vəsait aparan ölkələr budur. Oradan qoşunları çıxarmağı nəzərdə tutur. Tramp əgər söz verirsə, düşünürəm ki, Baydendən fərqli olaraq öz sözünü yerinə yetirəcək. Amerika üçün hansı nəticənin olmasından asılı olmayaraq".
Araşdırmalar göstərir ki, Donald Tramp hakimiyyəti boyunca elə də uğurlu siyasət yürütməyib. Belə ki, 2018-ci ildə vətəndaşlar arasında aparılan sorğuya görə, respondentlərin 52%-i Trampın fəaliyyətindən narazı olub. Lakin Cozef Bayden hakimiyyətə gəldikdən sonra atdığı hər addımıyla Trampı yada salır. Həmçinin Donald Trampın verdiyi vədlər arasında Rusiya-Ukrayna müharibəsinə 24 saat ərzində son qoyacağı da yer alır. Ekspertlərin fikrincə, indiki vəziyyətdə amerikalı milyarderin yürütdüyü siyasət və verdiyi vədlər dünya ölkələrinin maraqlarına daha çox cavab verir.
Siyasi ekspert Xəyal Bəşirov deyir ki, Rusiyanın özü, o cümlədən də Avropa ölkələri bu gün Ukrayna müharibəsindən artıq Avropa ölkələri cana doyub və müharibənin bir an öncə bitməsini istəyirlər. "Amma təbii ki, bu prosesə yəni qərb cəbhəsinə rəhbərlik edən ABŞ və Böyük Britaniyadır. Çinin həm Rusiyanın, Avropa ölkələrinin Donald Trampın hakimiyyətə gəlməsində maraqları uzlaşırsa, deməli Donald Trampla gələcəkdə Cozef Bayden arasında və yaxud digər bir namizəd arasında əgər mübarizə gedəcəksə düşünürəm ki, Donald Trampın şansı daha çox olacaq".
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Sabiq dövlət başçısını ölkənin bütün tarixi ərzində ən pis prezidentlərdən biri adlandırsalar da nəticələr onu demir. Belə ki, Amerika nəşrinin keçirdiyi sorğuya əsasən gələcək seçkilərdə iştrakçıların 51%-i Donald Trampı dəstəkləyəcəyini bildirib. Əgər səsvermədə Tramp qalib gəlsə onun hərbi aspektdə atacağı addımları və nəticələrinin necə yekunlaşacağını zaman göstərəcək.
RƏQSANƏ
