Dondurulan aktivlər Sülh Şurasında - Rusiyanın strateji manevri
Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ-də dondurulan Rusiya aktivlərinin bir hissəsinin “Sülh Şurası”na yönləndirilməsi təklifinə hələlik cavab almadığını açıqlayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin dondurduğu Rusiya aktivlərinin qəza bölgəsinin bərpası ilə bağlı yaradılan “Sülh Şurası”na inteqrasiya edilməsi ilə bağlı problem yoxdur:
“Bu, rəsmi Moskvaya sərf edən amildir. Rusiya faktiki şəkildə qəzanın yenidən bərpası məsələsində iştirak edə bilər və eyni zamanda ABŞ ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar ata bilər. Paralel şəkildə, rəsmi Moskva hər zaman Fələstini dəstəkləyən dövlət olub və bu istiqamətdə də addımlar ata bilər. İsrailin daxilində keçmiş SSRİ məkanından köçən yəhudilərdən ibarət böyük icma var, hətta partiyalarda təmsil olunurlar. Bu qüvvələrlə münasibətlərin normallaşması istiqamətində də addımlar atıla bilər. Bu baxımdan Rusiyanın dondurulan aktivlərinin Sülh Şurasına verilməsi məsələsi rəsmi Moskvaya sərf edir. Ancaq burada ABŞ-nin müəyyən təzadları var. ABŞ Rusiyanın bu prosesdə iştirakını arzulamır və dondurulan Rusiya aktivlərinin daha çox Ukrayna məsələsinə sərf olunması niyyətindədir. ABŞ-nin istəyi ondan ibarətdir ki, əgər Rusiya qəza bölgəsində iştirak edəcəksə, bunu dondurulan aktivlərlə yox, öz maliyyə qaynaqları hesabına etsin”.
Politoloq bildirib ki, Rusiya dondurulan aktivlərin Ukraynaya yönəldilməməsini istəyir və onların Sülh Şurası çərçivəsində səmərəli şəkildə istifadəsi Moskva üçün ən məqsədəuyğun variantdır:
“Rusiyanın niyyəti odur ki, bu vəsaitlər Ukrayna istiqamətinə getməsin. Moskvada başa düşürlər ki, pullar geri qaytarılmayacaq və ya Ukraynaya yönləndiriləcək. Ən sərfəli yol həmin aktivlərin Rusiyanın nüfuzuna zərər verməyəcək və maraqlarına uyğun digər istiqamətə yönəldilməsidir. Hazırkı beynəlxalq şəraitdə ən uyğun variant isə bu aktivlərin qəzanın bərpası üçün yaradılan Sülh Şurasına cəlb edilməsidir. ABŞ-də məsələ geniş müzakirə olunacaq və Vaşinqton razılıq verə bilər. Ukrayna üçün isə ən əlverişli variant vəsaitlərin ölkənin bərpasına və ya silah təminatının gücləndirilməsinə xərclənməsidir”.
Fatimə Hüseynli
