Dondurulmuş Rusiya aktivləri: Aİ-də yekdil qərar mümkündürmü?
Avropa İttifaqı ölkələri Ukraynaya maliyyə dəstəyi göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin yeni mexanizmini araşdırır. Belçikanın “Euroclear” depozitarında saxlanılan milyardlarla avro vəsaitin istiqrazlar vasitəsilə Ukraynaya yönləndirilməsi müzakirə olunur, lakin bu addım həm hüquqi, həm də siyasi baxımdan ciddi mübahisələr doğurur.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Avropada Rusiyanın təqribən 260 milyard avro aktivləri var:
"Bunun 190 milyardı Belçikada, 20 milyarda yaxını Fransada, qalanı isə Böyük Britaniya banklarında yerləşdirilib. Bu vəsaitin istifadəsi ilə bağlı uzun müddətdir müzakirələr gedir və müzakirələrin kökündə də Avropanın iqtisadi problemləri dayanır, çünki 2020-ci ildən 2024-cü ilə qədər Avropa və ABŞ birlikdə Ukraynaya hər il təxminən 80 milyard dollar yardım ediblər. Bunun yarısı hərbi, yarısı isə digər istiqamətlərdə olub. İndi ABŞ geri çəkildiyi üçün həmin yükün böyük hissəsi Avropanın üzərinə düşür, lakin Avropa liderləri açıq şəkildə bildirirlər ki, bu imkanı təmin edə bilmirlər. Ona görə də Rusiya aktivlərindən istifadəyə dair təkliflər irəli sürülür – ya müsadirə, ya da istiqrazlar vasitəsilə istifadə variantları gündəmdədir. İndiyə qədər həmin vəsaitdən Ukraynaya yönləndirilən məbləğ çox az olub və bu səbəbdən Avropa İttifaqının yeni planının qəbul olunma ehtimalı da aşağıdır. Ən böyük əngəl isə Belçikanın narahatlıqlarıdır. Belə ki, hər bir dövlət maliyyə vəsaitlərinin öz ərazisində toplanmasında maraqlıdır. Belçika üçün əsas risk ondan ibarətdir ki, qeyri-qanuni addım atılarsa, bu, digər dövlətləri də narahat edə bilər. Məsələn, Səudiyyə Ərəbistanı artıq bəyan edib ki, əgər Rusiya aktivlərindən qanunsuz istifadə olunarsa, ölkənin Belçikada saxladığı vəsaitlər çıxarılacaq. Böyük ehtimalla digər ölkələr də oxşar addımlar ata bilər. Bu isə Belçikanı ciddi şəkildə narahat edir. Belçika hakimiyyəti yaranacaq mümkün ziyanın kompensasiya olunmasını tələb etsə də, bu real görünmür. Buna görə də yekdil qərarın qəbul olunması ehtimalı çox aşağıdır".
Həmçinin ekspert qeyd edib ki, Almaniyanın mövqeyində isə müəyyən dəyişiklik baş verib:
"Almaniya Aİ-nin istiqrazlarla bağlı sorğularını dəstəkləyib, amma bu qərar Ukrayna-Rusiya müharibəsinin gedişinə ciddi təsir göstərməyəcək. Çünki ümumilikdə Aİ daxilində çox müxtəlif düşüncəli dövlətlər var və onların hamısının razılığını almaq mümkün deyil. Bir neçə dövlətin belə etirazı yekdil qərarı mümkünsüz edir. Ukrayna-Rusiya müharibəsində isə vəziyyətin dəyişməsi üçün hər il azı 80 milyard dollar yardım lazımdır. Təəssüf ki, Avropanın bu gücü yoxdur. Ona görə də cəbhədə əsaslı dəyişiklik gözlənilmir. Rusiya böyük itkilər hesabına olsa belə, kəndləri və yaşayış məntəqələrini işğal etməyə davam edəcək. Nəticədə, ABŞ Ukrayna liderini – istər Zelenski, istərsə də başqasını – ədalətsiz sülh sazişi imzalamağa məcbur edəcək".
Sura Əliyeva