Donetskdəki əks-hücumlar: gərginlik və perspektivlər
Son günlər Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətində həyata keçirilən əks-hücum əməliyyatlarının nəticələri ilə bağlı bildirib ki, Ukrayna qüvvələri Dobropolye və Pokrovsks istiqamətlərində irəliləyərək ümumilikdə 160 kvadrat kilometr ərazini azad edib və Rusiya tərəfi minlərlə itki verib. Bu proseslər regiondakı hərbi vəziyyətin daha da gərginləşdiyini göstərir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, Donetsk istiqaməti Rusiya-Ukrayna müharibəsində əsas strateji hədəflərdən biridir:
"Rusiya bu ərazilərin tam olaraq öz nəzarətinə keçməsini, onları öz ərazisi kimi hesab etməyi məqsəd qoyub və müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü iddia və şərtlər də əsasən bu zonaya bağlıdır. Odur ki, Ukraynanın bu vilayətdə aparılan əks-hücum əməliyyatları və müəyyən əraziləri azad etməsi Putinin hədəflərinə çatmaq səylərini ləngidir.
Sahədəki dəyişikliklər - məsələn, Zelenskinin qeyd etdiyi 160 km²-lik irəliləyiş hələ də vəziyyətin sabitləşdiyini göstərən tam əlamət sayılmır. Tarix boyu Donetsk istiqamətində azad edilən ərazilərin sonradan yenidən itirilməsi halları müşahidə olunub: bir neçə dəfə Rusiyanın hücumları ilə ərazilər geri qayıda bilər. Buna görə də hazırkı uğurlar imkan kimi qiymətləndirilsə də, onların daimi qalıcı olacağına dair zəmanət yoxdur.
İtkilər hər iki tərəfdən olur və hücum-müdafiə əməliyyatlarında itkilərin tamamilə qarşılıqsız qalması mümkün deyil: hücum edən tərəf daha çox itki verə bilər, müdafiə edən tərəf də itkilər verir. Bu baxımdan yalnız azad edilən kvadratkilometr göstəricisi ilə real vəziyyəti tam ölçmək çətindir — müharibənin gedişinə dair hərtərəfli qiymətləndirmə üçün həm taktiki, həm logistika, həm də müttəfiq dəstəyi kimi digər faktorlar nəzərə alınmalıdır. Gələcəyə baxışda müsahibimizin qənaəti belədir: indi aparılan əks-hücum əməliyyatları Ukraynanın döyüş qabiliyyətini göstərir və Moskvanın işğal planını ləngidə bilər, amma müharibənin ümumi nəticəsini dəyişmək üçün təkcə lokal hücumlar kifayət deyil. Uzunmüddətli uğur üçün iki paralel amil vacibdir - Ukraynaya qərbdən daha çox və vaxtında hərbi-texniki dəstək göstərilməsi və Rusiyanın maliyyə-iqtisadi imkanlarının daha sıx sanksiyalarla məhdudlaşdırılması".
Ekspert əlavə edib ki, ABŞ-nin birbaşa yardımı azalanda, Avropa İttifaqı və digər tərəfdaşlar həmin boşluğu tam doldura bilmir; Ukraynanın daha uzaq və dərin əməliyyatlar aparmaq potensialı məhdud qalır:
"Nəticə etibarilə, bu əməliyyatlar müsbət dinamika yaratsa da, müharibənin sonunu və ya əsaslı dönüş nöqtəsini proqnozlaşdırmaq hələ çətindir. Əgər Qərb tərəfdaşları eyni vaxtda Ukraynaya sistematik silah-texnika göndərər və Rusiyanın gəlirləri ciddi şəkildə məhdudlaşdırılsa, o zaman əməliyyatların münaqişənin gedişinə daha mənfi təsir göstərməsi, yəni Rusiyanın çəkilməsinə təkan verməsi mümkündür. Əks halda, bu cür əməliyyatlar sahə səviyyəsində qismən uğurlar gətirsə də, genişmiqyaslı və davamlı dəyişiklik yaratmaya bilər və müharibə daha uzun müddətli olacaq".
Sura Əliyeva