Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil
"Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil". Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Mövzu ilə bağlı tarixçi Zaur Əliyev bildirib ki, dərsliklərdə mövzuların izahı çox səthi və çətin dildə təqdim olunur:
"Dərsliklərdə tətbiqi biliklərin formalaşması üçün kifayət qədər əlavə tapşırıqların olmaması da, göstərir ki, bu sahədə işlər qeyri-peşəkarların əlindədir. Çox zaman hazırlanan materiallar müasir dövrün araşdırmaları ilə uzlaşmır. Valideynlərin iddiasına görə, dərsliklər o qədər mürəkkəb yazılır ki, uşaqlar kitablarda verilən mətnləri oxuyub qavraya bilmirlər, bu səbəbdən də uşaqları repetitor yanına qoymağa məcbur olurlar. Hesab edirəm ki, dəyişiklikləri öncəliklə Nazirlik ictimai müzakirələr əsasında aparmalıdır. Ölkədə hər fənn üzrə bir dərslik olmalıdır. Hər fənn üzrə mütəxəssislərin fikirləri nəzərə alınmalı, plagiat olmaması yoxlanmalı, süni intellektdən götürülməsi araşdırılmalıdır. Yeni dərsliklər isə ən azı 2 il ərzində müzakirələr edilib hazırlana bilər".
Türkanə Kərimova
