“Drujba”dan sonra razılaşma: Aİ Ukraynaya maliyyə yolunu açır
Avropa İttifaqı Ukrayna üçün 90 milyard avroluq kreditin qarşısının açılması və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin tətbiqi üzrə daxili prosedura rəsmi şəkildə başlayıb. Bu addım aylarla davam edən gərginlikdən sonra Budapeşt ilə Kiyev arasında qarşıdurmanın sona yaxınlaşdığını göstərir.
“Yazılı prosedur” adlandırılan bu proses çərşənbə günü günortadan sonra Brüsseldə səfirlərin iclası zamanı başlayıb. Üzv dövlətlərə hər hansı etiraz bildirmək üçün 24 saata qədər vaxt verilib.
“Euronews”a danışan Aİ diplomatlarının fikrincə, Ukrayna ərazisindən keçən “Drujba” neft kəmərinin bərpasından sonra razılaşmanın əldə olunması demək olar ki, qaçılmazdır. Məhz bu kəmər Macarıstanın veto qərarının əsas səbəbi idi.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Sovet dövründən qalma bu infrastruktur yanvarın sonunda Rusiya dronlarının hücumu nəticəsində zədələnsə də, artıq təmir olunub və yaxın saatlarda fəaliyyətini bərpa edə bilər.
“Aİ Ukraynadan Rusiya tərəfindən dağıdılmış "Drujba" neft kəmərini təmir etməyi xahiş etdi. Biz onu təmir etdik. Ümid edirik ki, Aİ də razılaşdırılmış öhdəlikləri yerinə yetirəcək”,- Zelenski çıxışında deyib.
90 milyard avroluq kredit isə aylarla Macarıstanın baş naziri Viktor Orban tərəfindən bloklanmışdı. O, Kiyevi neft axınlarını “siyasi səbəblərlə” dayandırmaqda ittiham edirdi.
EURONEWS
Lalə Qurbanlı