00:00:00
Yazar
Elmira Ağayeva
06.07.2026 21:21 33 3 dəq oxuma
Araşdırma

Dünən II və III qruplar üzrə şans imtahanı keçirilib

Dünən II və III qruplar üzrə şans imtahanı keçirilib

 

Dünən Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul üzrə II və III ixtisas qrupları üçün şans imtahanı təşkil edib. İmtahanda əvvəlki qəbul mərhələsində iştirak edən və nəticəsini yaxşılaşdırmaq istəyən abituriyentlər bilik və bacarıqlarını yenidən yoxlamaq imkanı əldə ediblər. Prosesin şəffaf və qaydalara uyğun keçirildiyi bildirilir.

 

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı mərhələdə keçid ballarında ciddi dəyişiklik olacağını demək tezdir:

 

“Keçid balları yalnız imtahanın çətinlik səviyyəsindən deyil, həm də abituriyentlərin ümumi nəticələrindən, ixtisas seçimi zamanı formalaşacaq rəqabətdən və plan yerlərinin sayından asılıdır. Əgər imtahan iştirakçıların böyük hissəsi üçün əvvəlki mərhələyə nisbətən daha əlverişli olubsa, bəzi populyar ixtisaslarda keçid ballarında müəyyən artım müşahidə oluna bilər. Əksinə, nəticələr ümumi olaraq aşağı olarsa, keçid ballarında enmə də mümkündür. Buna görə də II və III ixtisas qrupları üzrə kəskin dəyişiklikdən daha çox, ayrı-ayrı ixtisaslar üzrə məhdud artım və ya azalma ehtimalı daha real görünür. İlkin müşahidələr göstərir ki, imtahanda həm nəzəri biliklərin, həm də məntiqi təhlil bacarıqlarının qiymətləndirilməsinə üstünlük verilib. Sualların bir hissəsi dərslik biliklərinin möhkəm mənimsənilməsini tələb etsə də, xeyli sayda tapşırıq sadəcə əzbərlənmiş məlumatla deyil, analiz etmə, müqayisə aparma və düzgün nəticə çıxarma bacarığı ilə həll olunub. Bu yanaşma son illərdə Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə modelinə uyğundur. Məqsəd yalnız məlumatı yadda saxlama səviyyəsini deyil, abituriyentin həmin biliyi praktik situasiyalarda tətbiq etmək və məntiqi əsaslandırılmış qərar vermək bacarığını da ölçməkdir. Ümumilikdə, yekun qiymətləndirmə yalnız statistik nəticələr və rəsmi balların bölgüsü açıqlandıqdan sonra daha dəqiq aparıla bilər. O vaxta qədər keçid balları ilə bağlı qəti proqnoz vermək elmi baxımdan düzgün olmaz”.


Mövzu ilə bağlı Azərbaycan dili üzrə təlimçi Mayıl Soltan açıqlamasında bildirib ki, dünən Dövlət İmtahan Mərkəzi ikinci və üçüncü qruplar üzrə keçirilən şans imtahanında şagirdlərin daha çox çətinlik çəkdiyi fənlər Azərbaycan dili və ədəbiyyat olub:

 

“Azərbaycan dili fənnindən düşən sualların əsas çətinliyi onların məzmunu və kontekstinin daha çox məntiqi təfəkkürə əsaslanması ilə bağlı idi. Yəni bu imtahanda digər illərə və əvvəlki imtahanlara nisbətən suallar daha çox düşünmə və analiz tələb edib. Artıq bir sualda bir neçə mövzu əhatəli şəkildə soruşulub. Bəzi suallar, təbii ki, asan idi. Çünki Dövlət İmtahan Mərkəzi suallar hazırlanarkən balans prinsipinə düzgün şəkildə əməl edir. Yəni tapşırıqların müəyyən hissəsi asan, müəyyən hissəsi orta, müəyyən hissəsi isə çətin olur. Azərbaycan dili fənni üzrə daha çox açıq tipli və situasiya tipli tapşırıqlarda abituriyentlər çətinlik çəkiblər. Açıq tipli tapşırıqlarda sualların əhatə dairəsinin geniş olması və ümumi çətinlik səviyyəsinin nisbətən yüksəkliyi abituriyentlərin bu tapşırıqları cavablandırmasında problemlər yaradıb. Digər fənlərə gəldikdə isə, ədəbiyyat fənnində də oxşar çətinliklər müşahidə olunub. Bu fənn üzrə də xüsusilə açıq tipli tapşırıqlarda abituriyentlər sualları cavablandırmaqda çətinliklə üzləşiblər. Lakin ümumi mənzərəyə nəzər salsaq, demək olar ki, Dövlət İmtahan Mərkəzinin bu gün keçirdiyi imtahan şəffaf olub. Suallar cavablandırılması mümkün olmayan səviyyədə deyil. Normal və daha yüksək səviyyədə hazırlaşan abituriyentlər yaxşı nəticə əldə edə, hətta 30 sualın hamısına düzgün cavab verə bilərdilər. Ümumilikdə, Dövlət İmtahan Mərkəzi bu imtahanı əvvəlki illərdə olduğu kimi eyni prinsiplər əsasında təşkil edib və sualların çətinlik səviyyəsi də əsasən oxşar olub. Sadəcə olaraq, məntiqi təfəkkür baxımından bu imtahan birinci şans imtahanı ilə müqayisədə bir qədər daha çətin idi”.


Mövzu ilə bağlı şans imtahanı verən abituriyent Məryəm Hüseynova bildirib ki, 
nəticələr hələ açıqlanmasa da, ümumi olaraq imtahanın normal keçdiyini düşünür:

"Bildiklərimi ən yaxşı şəkildə tətbiq etməyə çalışdım.Ümid edirəm ki, əsas imtahanla müqayisədə nəticəmi yaxşılaşdıra biləcəyəm. Əsas imtahanla müqayisədə müəyyən qədər fərq hiss etdim. Digərində də olduğu kimi bəzi suallar normal səviyyədə,bəziləri isə bir qədər düşündürücü idi.Ümumilikdə, şans imtahanı da ciddi hazırlaşan abituriyent üçün həll oluna biləcək səviyyədə idi".

 

Hüseynova Mələk

#İmtahan #şansimtahanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər