Efiopiya səfirindən dostluq və əməkdaşlıq mesajı
Azərbaycanın 8 noyabr - Zəfər Günü - cəsarət, birlik və qətiyyət bayramıdır. Bu barədə Efiopiyanın Azərbaycandakı səfiri Adem Muhammed Mahmud öz "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Efiopiyanın Ankaradakı səfirliyi adından Azərbaycan hökumətinə və xalqına Zəfər Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu gün cəsarət, birlik və qətiyyət bayramıdır. Biz möhkəm dostluq və əməkdaşlıq əlaqələrimizə hörmət edirik. Azərbaycana dayanıqlı sülh, firavanlıq və uğurlar arzulayıram", - diplomat qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, Efiopiyanın səfirinin Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etməsi ilk növbədə Azərbaycanın Cənubi Qafqazda lider dövlət olmasının sübutudur:
“Çünki Azərbaycan bu qələbəni Ermənistan silahlı qüvvələri üzərində qazanıb. Azərbaycan ən müstəqil dövlət kimi tanınıb. Gürcüstanın son dövrlərdə Rusiyaya kəskin şəkildə yaxınlaşması onun nüfuzuna da ciddi şəkildə təsir göstərib. Ermənistan isə məğlub dövlətdir və bunun nəticələrini 44 günlük Vətən müharibəsi zamanı görüb. Azərbaycan hakimiyyəti dünyanın bütün sülhsevər ölkələri ilə əlaqələr qurmağa cəhd göstərib. Bunun nəticələrini də son 5 ildə görmüşük.
Bu müddətdə dəfələrlə BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı qətnamə qəbul etmə cəhdləri həyata keçirilib. Bu cəhdlərin qarşısını qlobal Cənub ölkələri alıb. Efiopiyanın bu addımı Afrika ölkələrinin Cənubi Qafqaz ölkələrinə marağının göstəricisidir. Bu ölkələrin Azərbaycana marağı müxtəlif sahələr ilə bağlıdır. Həm enerji, həm də Azərbaycanın çox mühüm logistik mərkəz olması ilə bağlıdır".
Aygün Babayeva
