Efiopiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Abiy Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni sazişlərin imzalanması gözlənilir. Tərəflər enerji, nəqliyyat, kənd təsərrüfatı, investisiya və humanitar sahələrdə tərəfdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Efiopiyanın Baş naziri Abiy Əhmədin Azərbaycana rəsmi səfəri, həm iki ölkə arasında əlaqələrin möhkəmlənməsi baxımından, həm də Afrika ilə əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi baxımından əhəmiyyətli bir mərhələdir:
“Bu səfər, Azərbaycanın həm Asiya, həm də Afrika bazarlarında təsirini artırmaq, yeni iqtisadi və ticarət tərəfdaşları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədini daşıyır. Səfər çərçivəsində bir neçə sahədə, xüsusən enerji, nəqliyyat, kənd təsərrüfatı, investisiya və humanitar sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunacağı gözlənilir. Ölkələr arasında strateji tərəfdaşlığın genişləndirilməsi və çoxşaxəli əməkdaşlığın qurulması üçün isə bütün imkanlar mövcuddur. İki ölkə arasında qarşılıqlı siyasi dəstək, xüsusən BMT və digər beynəlxalq təşkilatlarda mühüm əhəmiyyət daşıyan məsələlərdə ortaq mövqeyin qorunması kimi razılşamalar mümkündür. Amma əlbəttə ki, iqtisadi sahələrdə əməkdaşlıq daha da ön plandadır. Abiy Əhmədin səfəri Azərbaycanın Afrika ölkələri ilə əlaqələrini gücləndirmək və bu bazarda yeni ticarət əlaqələri qurmaq üçün mühüm fürsətlər yarada bilər. Bu əməkdaşlıq, xüsusilə, Efiopiyanın inkişaf etməkdə olan bazarlarından faydalanmaq üçün geniş imkanlar təqdim edir. Azərbaycan və Efiopiya arasında qarşılıqlı faydalı əməkdaşlıq, xüsusən infrastruktur, kənd təsərrüfatı və enerji sahələrində daha da genişlənə bilər. Azərbaycan, özünün müasir enerji sektorunu və neft-qaz ixracını nəzərə alaraq, Efiopiya üçün enerji sahəsində mühüm tərəfdaş ola bilər. Ölkəmiz bu sahədə həyata keçirilə biləcək layihələr, həmçinin enerji istehsalı və paylanma şəbəkələrinin inkişafı ilə bağlı böyük potensiala malikdir. Efiopiya Azərbaycanın müasir kənd təsərrüfatı texnologiyalarına da ehtiyac duyur və burada da əməkdaşlıq imkanları genişdir”.
Politoloq həmçinin qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi təcrübə, Efiopiyada əkinçilik texnologiyalarının modernləşdirilməsi və məhsuldarlığın artırılması baxımından böyük əhəmiyyət kəsb edə bilər:
“Efiopiya ilə əməkdaşlıq daha geniş sahələrə də yayıla bilər. Nəqliyyat sahəsində xüsusilə, infrastruktur və tranzit yolları üzrə birgə layihələrin həyata keçirilməsi perspektivləri var. Azərbaycanın strateji coğrafi mövqeyi, həm Qərb, həm də Şərq arasında olan bağlantısı bu layihələrin reallaşması üçün əlverişli şərait yaradır. Efiopiyanın isə Afrikadakı nəhəng bazarlara çıxışı olduğu üçün, Azərbaycanın nəqliyyat sektoruna böyük töhfələr verə biləcək bir əməkdaşlıq qurulması mümkündür. İki ölkənin mövcud əlaqələrinin daha da möhkəmləndirilməsi, Efiopiyanın idxal-ixrac bazarına Azərbaycanın birbaşa çıxışına da artıra bilər. Humanitar sahədə də əməkdaşlıq perspektivləri var. Şübhə yoxdur ki, Azərbaycanın Efiopiya ilə olan münasibətlərində humanitar yardımlar və sosial layihələr xüsusi yer tutacaq. Həmçinin, təhsil sahəsində mübadilə proqramları və təcrübə paylaşımı kimi təşəbbüslər, iki ölkə arasında mədəni və sosial əlaqələrin gücləndirilməsinə xidmət edə bilər. Hər iki ölkə bir-birinin inkişafını dəstəkləməklə və qarşılıqlı fayda prinsipi əsasında müxtəlif layihələr həyata keçirə bilər. Azərbaycan və Efiopiya arasında əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin diversifikasiyasına, yalnız Avropa və Asiya ilə deyil, həm də Afrika ilə olan əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq. Bu əlaqələr, Azərbaycanın beynəlxalq aləmdə daha balanslı və güclü bir mövqeyə gəlməsinə təkan verəcək”.
Cavahir Əsgərbəyli
