Ekrandaki şiddətin uşaqların psixologiyasına təsiri
Bu gün uşaqlar çox vaxtlarını televizor, telefon və kompüter qarşısında keçirirlər. Əksər hallarda isə ekranlarda şiddət səhnələri ilə qarşılaşırlar. Araşdırmalar göstərir ki, zorakılıq və aqressiya dolu görüntülər uşaqların psixologiyasına, davranışlarına və gələcəkdəki sosial münasibətlərinə mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova "İnformator.az"a açıqlamasında bildirib ki, ekranda və sosial şəbəkələrdə qarşılaşdığımız şiddət təkcə uşaqlarda yox, böyüklərdə də informativ stressin artmasına səbəb olur:
"Xüsusilə məktəb dövründə bu təsir daha qabarıq şəkildə üzə çıxır. Uşaqlar izlədiklərini müzakirə etməyə başlayır, şiddəti adi hal kimi qəbul edirlər. Verilişlərdə və filmlərdə şiddət səhnələrinin çoxluğu gələcəkdə aqressiyanın artmasına gətirib çıxarır. İnsanlar sanki “o edirsə, mən də edə bilərəm” yanaşmasına qapılır və nəticədə şiddət bir növ epidemiya halını alır. İlk növbədə valideynlər övladları ilə münasibətlərində emosional şiddətə son qoymalıdırlar, çünki bu hal uşaqlarda aqressiyanı artırır, gələcəkdə fiziki zorakılığa gətirib çıxarır. Aqressiya isə təkcə psixoloji deyil, diqqət və təşviş pozuntuları, həmçinin müxtəlif psixi-fiziki problemlərlə nəticələnə bilər. Məktəblərdə müəllimlər və psixoloqlar uşaqların davranışlarını diqqətlə izləməli, kiçik narahatlıqları vaxtında seçməli və ailələrlə ünsiyyəti gücləndirməlidirlər. Bu işdə maarifləndirici söhbətlər və sevgi yönümlü yanaşma xüsusi rol oynayır, çünki uşaqlara sevgi verildikcə onların aqressiv davranışları azalır".
Psixoloq vurğulayıb ki, şiddətin yaranma səbəbləri bəzən hamiləlik dövründə anaların keçirdiyi stresslə də bağlı olur:
"Ona görə də yalnız psixoloqlar və media deyil, ginekoloqlar da bu məsələyə diqqətlə yanaşmalıdırlar. Analarda təşviş yaradıldıqda uşaq anadan gəlmə aqressiya ilə dünyaya gələ bilər və bu da gələcək sosial inkişaf prosesinə mane olur. Aqressiyanın qarşısını almaq üçün ailədən başlayaraq bağçalarda, məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə işləri aparılmalıdır. Əks təqdirdə, yaxın gələcəkdə hər beş gəncdən bir-ikisinin cinayət hadisəsinə qarışması və ya psixi sağlamlıq problemi yaşaması ehtimalı artacaq".

Sura Əliyeva
