Elçin Əmirbəyov İsveçrədə yüksək səviyyəli görüşlər keçirib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrəyə işgüzar səfəri çərçivəsində Bern şəhərində bir sıra mühim görüşlər keçirib. O, İsveçrənin xarici işlər üzrə dövlət katibi Aleksandr Fasel, Milli Şuranın Xarici Əlaqələr Komitəsinin sədri Loran Verli və komitə sədrinin müavini Sibel Arslan ilə bir araya gəlib.
Görüşlərdə Azərbaycan–İsveçrə münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, xüsusilə parlamentlərarası əlaqələrin yenidən aktivləşdirilməsi istiqamətində iradələrini ifadə ediblər. Prezidentin nümayəndəsi Bern Siyasi Klubunda keçirilən tədbirdə çıxış edərək Cənubi Qafqazda geosiyasi dinamika və Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı təqdimat edib, iştirakçıların suallarını cavablandırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun İsveçrəyə işgüzar səfəri çərçivəsində Bern şəhərində keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycan–İsveçrə münasibətlərinin strateji əhəmiyyətini göstərir:
"Dövlət katibi Aleksandr Fasel və digər yüksək vəzifəli parlament üzvləri ilə aparılan danışıqlar, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş konkret addımların atılmasını nəzərdə tutur. Bu kontekstdə Azərbaycan–İsveçrə münasibətlərinin genişləndirilməsi Cənubi Qafqazda sülh prosesinə birbaşa təsir göstərə bilər.
Digər mühim aspekt Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu infrastruktur layihəsinin Cənubi Qafqazın tranzit xəritəsini köklü şəkildə dəyişəcəyi artıq hər kəs tərəfindən qəbul olunan reallıqdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan dəhliz Avropadan Asiyaya ticarət və enerji axınlarının sürətini artırmaqla yanaşı, region ölkələrinin strateji çəkisini yüksəldir. Xüsusilə də Azərbaycan üzərindən keçən yeni marşrutlar Rusiya və İran kimi regional aktorların təsir dairəsini balanslaşdırmağa imkan verir və Avropa ilə Asiya arasında alternativ ticarət dəhlizi yaratmaq potensialına malikdir. Bu dəhliz, həmçinin iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın güclənməsinə şərait yaradır.
Ermənistan–Azərbaycan sülh prosesi baxımından isə beynəlxalq təşkilatların rolu yalnız Ermənistana təsir və təzyiq göstərmək baxımından əhəmiyyətli ola bilər. ATƏT, Avropa İttifaqı və BMT kimi qurumlar Ermənistanın yekun sülh sazişinin imzalanması üçün öz Konstitusiyasına dəyişikliklər etməsi ilə bağlı təsir göstərə bilərlər. Sülh müqaviləsinin şərtlərinin icrası, sərhəd və nəqliyyat məsələlərinin koordinasiyası kimi məsələlərin həllinə bu və ya digər şəkildə dəstək verə bilərlər. Xüsusilə İsveçrənin neytral diplomatik rolu və təşəbbüskar mövqeyi regionda etimadın bərpasında mühüm rol oynaya bilər.
Nəticə etibarilə, haqqında danışılan səfər və Azərbaycan–İsveçrə əməkdaşlığının genişləndirilməsi Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi stabilliyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır".
Aişə Mustafayeva
