Empatiyanın gücü
Empatiya müasir insan münasibətlərində getdikcə daha çox önəm qazanır. İnsanların bir-birini anlama, hisslərini bölüşmə və düzgün ünsiyyət qurma bacarığı həm fərdi münasibətlərin sağlamlığında, həm də cəmiyyətin sosial inkişafında mühüm rol oynayır.
Mövzu ilə bağlı psixoloq Ələkbərova Aytən “İnformator.az”a açıqlamasında bildirib ki, empatiya insan münasibətlərində qarşı tərəfi düzgün anlamaq, ona dəstək olmaq və sağlam ünsiyyət qurmaq baxımından xüsusi əhəmiyyət daşıyır:
“Empatiya o qədər önəmlidir ki, insan qarşısındakı şəxsin hisslərini dərk edərək, onun yerinə özünü qoyaraq daha sağlam münasibət qura bilir. İnsan hansısa çətin situasiyada olanda, empatiya edən şəxs həm onun hisslərini bölüşür, həm də idraki yanaşaraq ona düzgün çıxış yolu göstərir. Bu isə həm fərdi münasibətlərdə, həm də sosial mühitdə qarşılıqlı hörmət və etimadı gücləndirir".
Psixoloqun sözlərinə görə, gündəlik həyatda empatiyanı artırmaq üçün praktik üsullar da mövcuddur:
“İlk növbədə, insan qarşındakını dinləməyi bacarmalıdır. Qarşı tərəfi dinləmədən, onun mövqeyini anlamadan empatiya mümkün deyil. Ən əsas qayda "mən olsaydım, necə davranardım?" düşüncəsini tətbiq etməkdir. Bu yanaşma münasibətlərdə konfliktləri azaldır, insanlar arasında isə daha dərin etimad yaradır.
Sosial mühitdən uzaqlaşan və ya daima stress altında olan insan başqalarının hisslərini düzgün qiymətləndirə bilmir. Çünki stress insanı yalnız öz problemlərinə fokuslayır, nəticədə o, qarşı tərəfi anlamaqda çətinlik çəkir. İzdiham içində belə özünü təcrid olunmuş hiss edən bir adam, əslində, empatiya qabiliyyətini də itirir. Buna görə də fərdi stressin azaldılması və sosial izolyasiyanın aradan qaldırılması empatiyanın güclənməsi üçün çox vacibdir".
Surə Əliyeva
