Erkən nigah hallarına hələ də rast gəlinir
Təəsüflər olsun ki, günümüzdə erkən nigah halları hələ də mövcuddur.
Kürdəmirdə 8-ci sinif şagirdinin nişanlanması ilə bağlı görüntülər yayılıb.18 yaşına çatmayan şəxsləri erkən nigaha məcbur edənləri hansı cəza tədbirləri gözləyir? Bu hallar Azərbaycan Respublikasının qanunlarında necə tənzimlənir?
İnformator.az sözügedən məsələ ilə bağlı araşdırma edib.
Hüquqşünas Əkrəm Həsənov informator.az saytına verdiyi açıqlamada bildirir ki, Azərbaycanda Cinayət Məcəlləsinin 176-1 ci maddəsinin 2-ci bəndinə görə, nigah yaşına çatmayan şəxsi nigaha daxil olmağa məcbur etmək cinayətdir və bunu törədən 3000-4000 manatadək miqdarda cərimə, 4 ilədək azadlıqdan məhrum edilə bilər.
"Təbii ki, yetkinlik yaşına çatmayan şəxsin rəsmi nigaha daxil olması qeyri- mümkündür. Burada yəqin ki, söhbət qeyri-rəsmi dini nigahdan, kəbindən gedir ki, bunu da qanun əslində nigah kimi tanımır. Bunun özü də bir sualdır. Cinayət Məcəlləsinin 152-ci maddəsi var ki, burada 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq, seksual xarakterli digər hərəkətlər etmək qadağandır. Bu zaman 12-14 yaşında olan şəxsə qarşı olduqda 3 ildən 6 ilədək, 14 yaşdan 16 yaşadək şəxsə qarşı olduqda isə 3 ilədək azadlıqdan məhrum edilə bilər".
Hüquqşünas deyir ki, iki və daha çox şəxsə qarşı olduqda isə 10 ilədək azadlıqdan məhrum edilmə ilə cəzalandırıla bilər.
"Bu cinayətlərin üstü açılmır. Bunlar çox hallarda qapalı qalır".
Müsahib bunların bir qayda olaraq daha çox qız uşaqlarına aidd olduğunu deyir, amma prinsipcə oğlan uşaqlarına da aid edildiyini qeyd edir.
Əkrəm Həsənov bu məsələlərin üstü örtülü qalması ilə bağlı düşünür ki, burada bir çox psixoloji, milli, dini, mental və.s məsələlər var.
"Bu da onunla bağlıdır ki, burada valideyinlərin razılığı var və hətta bəzən qızın da razılığı olduğunu görürük.
Ona elə gəlir ki, sevir və yaxud doğurdan da sevir və o, burada bir qəbahət görmür. Təəssüf ki, bizim yaşadığımız dövrdə insanların qeyri-rəsmi cinsi əlaqəyə girmə yaşı azalır".
Hüquqşünas əlavə edir ki, bu məsələyə daha dərindən yanaşılmalıdır, çünki bu çox mürəkkəb məsələdir.
Sosioloq Əhməd Qəşəmoğlu erkən nigahın törətdiyi fəsadlarla bağlı saytımıza açıqlama edib.
Sosioloq bildirir ki, erkən nigah halları ilə bağlı hər zaman televiziyada, Mili Məclisdə ancaq tənqid edilir, lakin problemin həll olunması sahəsində lazım olan işləri görülmür.
"Tez-tez uşaqları erkən nigah qurmağa məcbur etməkləri ilə bağlı valideyinləri tənqid edirik. Valideynləri tənqid etmək üçün tezdir. Bizim heç birimiz o uşağı onun valideyinlərindən daha çox düşünmürük. Əslində həmin valideyinlərdən soruşmaq lazımdır ki, niyə bu işi görürsünüz"?
Müsahib deyir ki, biz valideyinləri tənqid etməkdən əvvəl problemin yaranmasına səbəb olan amilləri aradan qaldırmalıyıq.
" Bu amilərdən biri uşağını Bakıda oxutdurmağa maddi imkanının çatmaması ilə əlaqəlidi. İkincisi Bakıda qız uşaqlarının qadın alverinə məcbur edilməsi ilə bağlı televiziyada izlədikləri xəbərlərdən təsirlənməsi ilə bağlıdı. Bir digər səbəb isə yaşadığı ərazidə qız uşağının işləməsi üçün iş yerinin olmamasıdır. Valideyinlər düşünür ki, mən əgər qızımı oxutdura bilmirəmsə, iş yeri yoxdursa, bütün günü sosial şəbəkələrdə başqaları ilə yazışmağındansa, tez ailə qursun öz ailəsinə, uşaqların başı qatışsın".
Əhməd Qəşəmoğlunun sözlərinə görə, biz problemi valideyinləri məcbur etməkdə, onları maarifləndirməkdə görməkdən əvvəl bu faktorları aradan qaldırmalıyıq.
"Bəs,necə olurdu ki, 50 il bundan qabaq Azərbaycanın bütün universitetlərinin, kolleclərinin gözəl yataqxanaları var idi, qız uşaqları da orada qalırdı valideyinlərdə arxayın olurdu ki, övladım nəzarət altındadı, güvənilir yerdədi və yataqxanaya pul verilmirdi. Biz erkən nigahın qarşısını almaq üçün erkən nigah qurmuyun deyib hay salmamalıyıq".
Əhməd Qəşəmoğlu əlavə edib ki, erkən nigah məsələsinin həll olunması üçün vacib olan işləri görülməlidir.
" Əvvəlcə qız uşaqlarının Bakıda oxumaqları sahəsində olan problemləri aradan qaldırmalıyıq. Ərazilərdə iş yerləri açmalıyıq, ondan sonra valdeyinləri maarifləndirməklə məşğul olmaq olar. Valideynlərə deyirsən ki, bəs qızın oxumuyub erkən nigah qurdu, sonra öz uşaqlarını böyütməyə savadı çatmayacaq, evdə hörməti olmayacaq, evindəkilər ona savadsız biri kimi baxacaq, həyat yoldaşı kənarda daha savadlı qadınları görüb, daha çox onlarla maraqlanacaq və yaxud əgər savadı olsa, həyat yoldaşını itirsə, ondan boşansa, işləyəcək, özü özünə baxacaq, ancaq savadsızdırsa, heç nə edə bilməyəcək. Bütün bu fəsadları deyəndə valideyinlərin gözü yol çəkir bəziləri deyir ki , bəs, mən nə edim"?
Bu problemin həll olunması ilə bağlı lazımi işlər görülməlidir, valideynlərlə danışılmalıdır və onları buna məcbur edən amillər aradan qaldırılmalıdır.
Natavan Həsənova