"Ermənistan AİB-dən uzaqlaşır" - ŞƏRH
Moskva ilə İrəvan arasında gərginlik artır.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Avrasiya İqtisadi Birliyinin artıq mövcud olmadığını və çökdüyünü bildirən sərt açıqlamalar Moskva ilə İrəvan arasındakı iqtisadi və siyasi inteqrasiya xəttinə vurulan ağır zərbə kimi qiymətləndirilir:
“Rusiya bu cür bəyanatları özünün iqtisadi layihələrinə və regional təsir imkanlarına birbaşa meydan oxumaq kimi qəbul edir. Ermənistan rəhbərliyinin iqtisadi ittifaqın fəaliyyətini açıq şəkildə şübhə altına alması iki ölkə arasında mövcud olan ticarət və tərəfdaşlıq əlaqələrində yeni böhran dalğası yaradır. Moskva bu cür ritorikaya cavab olaraq İrəvana qarşı iqtisadi təzyiq rıçaqlarını, o cümlədən gömrük məhdudiyyətlərini və ticarət əngəllərini işə sala bilər”.
Zeynal Əmrəliyev qeyd edib ki, Ermənistanın AİB daxilindəki mövqeyini sorğulaması həm də ölkənin uzunmüddətli iqtisadi asılılıq modelindən imtina etmək niyyətini nümayiş etdirir.
Bu proses tərəflər arasındakı diplomatik gərginliyi maksimum həddə çatdırır və münasibətləri tamamilə yeni, qarşıdurma xarakterli müstəviyə daşıyır.
Nurgün Qənizadə