00:00:00
Yazar
Admin User
18.08.2025 05:41 246 2 dəq oxuma
Siyasət

Ermənilərin Qarabağa qayıtması…

Ermənilərin Qarabağa qayıtması…

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arusyak Julhakyan deyib ki, Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur – red.) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur.

 

“Azərbaycana qayıtmaq istədiyini, qayıda biləcəyini düşünən ayrı-ayrı şəxslər varsa, əlbəttə, onlar fərdi qaydada buna cəhd edə bilərlər. Amma biz Qarabağ sakinlərinin kollektiv şəkildə qayıtmasını real hesab etmirik, çünki buna heç bir beynəlxalq mexanizm və ya təminat yoxdur. Biz nə qədər hakimiyyətdəyik, Ermənistan Respublikası bu məqsədi güdməyəcək”, - deputat qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, əgər daha əhəmiyyətli və böyük məsələlər həllini tapıbsa, digər məsələlər də həll olacaq:

 

“Ermənistanda Azərbaycanla sülh məsələlərinə mene olmaq istəyən qüvvələr var. Əsasən Rusiya yönlü qruplar yenidən köhnə iddiaları təzələmək, separatçılıq toxumları səpmək istəyirlər. Bunu da müxtəlif forma və üsullarla irəli sürürlər. Ermənilərin qayıdış məsələsi kimi detalları ortaya atmaqla böyük məsələləri kölgədə qoymağa cəhd edirlər. Bu mövzu barədə əgər ehtiyac olarsa Azərbaycan hökuməti özü müvafiq nəticəyə gəlib qərar qəbul edə bilər. Lakin hazırda məsələ sülh müqaviləsi və onun ətrafında lazım olan mövzularla bağlı müzakirə olunur. Vaşinqton bəyannaməsi ən əhəmiyyətli məsələlərə cavab verir, həll yolunu təsdiqləyir, sülh müqaviləsinə qapı açır. Fərdlərin qayıdış məsələsi ola bilsin sülh müqaviləsi tam təsdiq olunub imzalamadan sonra müzakirə mövzusu ola bilər və bununla bağlı Azərbaycan dövləti öz mövqeyini bəyan edər. Hələ ki, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiasının konstitusiyadan çıxarılması məsələsi açıq qalıb. Ermənistan bu məsələni həll etmək üçün bir növ öhdəlik götürüb . Əgər daha əhəmiyyətli və böyük məsələlər həllini tapıbsa, fərdi qayıdışla bağlı məsələlər də Azərbaycan və Ermənistan arasında heç bir hüquqi və diplomatik mübahisə yarada bilməz. Üstəlik burada Qərbi Azərbaycan əhalisinin qayıdışı və digər məsələlər də var ki, bütün bunlar sülh müqaviləsindən sonrakı proseslərin əsas mövzusudur. Hər şey tədricən həllini tapacaq. Beynəlxalq təminatın olmaması deyə bir problem də olmamalıdır. Təhlükəsizlik məsələsini sülh müqaviləsi imzalayan tərəflər təmin edir və heç bir mübahisəyə yer qalmır. Beynəlxalq təminatın gərəkli olub olmaması və digər mövzular da növbəti proseslərin tərkib hissəsi ola bilər. Ermənistan tərəfi müxtəlif zamanlarda siyasi bəhanələr, əsassız iddialar ortaya atır, lakin bu, onların köhnə xislətidir. Artıq sülhdən söhbət gedir. Sülh müqaviləsi imzalanandan sonra qarşılıqlı razılaşma, anlaşma və təminatın verilməsi zəminində bu məsələyə də baxıla bilər”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər