Ermənistan ABŞ ilə birlikdə hərbi təlim keçirəcək
Ermənistan ABŞ ilə birlikdə avqustun 12-dən 20-dək “Qartal tərəfdaşı 2025” adlı hərbi təlim keçirəcək. Təlimdə əsas diqqət sülhməramlı əməliyyatlara və tibbi evakuasiyaya yönəldiləcək.
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Ermənistanda mövcudluğunu daha da möhkəmləndirmək, gücləndirmək istəyir:
"Son aylarda ABŞ ilə yanaşı, Rusiyanın da hərbi hissədə aktivliyi artıb. Ermənistanın keçmiş prezidenti cinayətkar Koçaryanın açıqlayıb ki, biz həm seçki yolu ilə hakimiyyətə gəlməyə , həm də küçə döyüşlərinə hazırıq. Ehtimal edilir ki, heç bir yol effekt verməyəcəyi halda Rusiya sonda hərbi çeviriliş edəcək. Ona görə də ABŞ bu hərbi çevirilişin qarşısını almaq məqsədi güdür. ABŞ yaxşı bilir ki, Ermənistan ordusu nə Azərbaycan, nə Türkiyə, nə də İranla müharibə aparmaq gücündə deyil. Burada ABŞ öz məqsədlərini güdür. Bu dəqiqə Ermənistan dünyanın yeganə ölkəsidir ki, orada həm ABŞ-nin, həm də Rusiyanın hərbiçiləri var. Bu qarşudurma Ukraynada hərbi fazaya keçibsə, Ermənistanda da siyasi fazadadır və hər an hərbi fazaya keçə bilər".
Hərbi ekspert həmçinin qeyd edib ki, region üçün gərginliyə gəldikdə təbii ki, İran və digər region dövlətlər də bundan çox narahatdır:
"İstənilən ölkə istəyər ki, regionda əməkdaşlıq olsun. Müxtəlif gərginliklərin yaranmağı yaxşı hal deyil. Dünyanın bir çox gücləri öz məqsədləri üçün Ermənistandan istifadə edirlər. Belə hal yaranmağının ən böyük səbəbkarı Rusiyadır. Erməniləri Cənubi Qafqaza gətirərək Azərbaycan ərazisində dövlət yaradıb. Digər günahkar isə İrandır ki, zaman-zaman Ermənistanı dəstəkləyib.İndi də bu ölkələr bundan əziyyət çəkirlər və gələcəkdə də çəkəcəklər".
Billurə Quliyeva