Ermənistan Kiprə hərbi attaşe təyin edəcək
Ermənistan Kiprə hərbi attaşe təyin etməyi planlaşdırır.Bu vəzifə Ermənistanın Yunanıstandakı hərbi attaşesi vəzifəsi ilə birləşdiriləcək və onun səlahiyyətlərini Müdafiə və Xarici İşlər nazirlikləri birgə tənzimləyəcək. Qeyd olunur ki, attaşe hərbi-siyasi və hərbi-texniki əlaqələrin möhkəmləndirilməsinə, birgə tədbirlərin təşkilinə, həmçinin Ermənistan silahlı qüvvələrinin beynəlxalq sülhməramlı təşəbbüslərdə təmsil olunmasına kömək edəcək.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması gündəmdədir:
"Ümumiyyətlə, Ermənistan, Yunanıstan və Kipr arasında artıq uzunmüddətli hərbi əməkdaşlıq mövcuddur. Onlar üçtərəfli əməkdaşlıq formatında fəaliyyət göstərirlər. Təbii ki, bu əməkdaşlığın əsas səbəbi müəyyən mənada Türkiyə və Azərbaycana qarşı formalaşmış mövqelərlə əlaqələndirilə bilər. Çünki tarixən bu ölkələr Türkiyə və Azərbaycana qarşı mənfi münasibət bəsləyiblər və bu da onları birləşdirən əsas amillərdən biri olub. Müxtəlif dövrlərdə bu münasibətlər rəsmi sazişlərlə də rəsmiləşdirilib. Hətta səhv etmirəmsə, bu ölkələr arasında hərbi sahədə əməkdaşlığı əhatə edən üçtərəfli saziş də imzalanıb. Lakin indi vəziyyət müəyyən qədər dəyişib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması gündəmdədir və bu da regiondakı münasibətlərə yeni istiqamət verə bilər.Bununla belə, Ermənistanın bu əlaqələri tam dayanmır. Hazırda o, təkcə Yunanıstanla deyil, həm də Avropa İttifaqına üzv olan digər ölkələrlə – məsələn, Fransa və Belçika ilə hərbi əməkdaşlıq sazişləri bağlayır".
Ekspertin sözlərinə görə, Ermənistan bu yolla öz təhlükəsizliyini təmin etməyə və beynəlxalq aləmdə mövqeyini qorumağa çalışır:
"Son məlumata görə, Ermənistan Kiprə ayrıca hərbi attaşe təyin etməyi planlaşdırır. Ehtimal ki, bundan öncə Yunanıstandakı attaşe həm Kiprlə bağlı məsələləri də icra edirdi, indi isə bu səlahiyyətləri ayırmaq qərarına gəliblər. Bu addım, əslində, Ermənistanın Yunan Kipri ilə diplomatik münasibətləri dərinləşdirmək niyyətindən xəbər verir.Əlbəttə, bu, Azərbaycana qarşı yeni bir düşmənçilik anlamına gəlmir. Sadəcə Ermənistan öz xarici siyasət istiqamətlərini genişləndirməyə çalışır. Necə ki, Azərbaycan da Türkiyə, Pakistan və digər türk və müsəlman ölkələri ilə çoxşaxəli əməkdaşlıq münasibətləri qurur, Ermənistan da bu istiqamətdə özünə yaxın bildiyi dövlətlərlə əlaqələrini gücləndirir. Beləliklə, bu məsələni xüsusi təhlükə kimi deyil, Ermənistanın diplomatik aktivliyinin bir nümunəsi kimi dəyərləndirmək daha doğru olar".
Xədicə Məhərrəmli
