Ermənistan KTMT-dən çıxır?
“Ermənistanın KTMT-dən çıxması hazırda başlanmış proses kimi qiymətləndirilə bilər. Baxmayaraq ki, Ermənistan rəhbərliyi Ermənistanın KTMT-dən çıxması ilə bağlı hansısa bir qərarın olmadığını söyləyir. Bir il bundan öncə, həm Paşinyan, həm də onun komanda üzvləri bildirirdilər ki, Ermənistan KTMT-dən çıxmır, KTMT özü Ermənistandan çıxır”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
“Yəni, o zaman belə bir termin manipulyasiyası baş verirdi. Amma nəzərə alsaq ki, son dövrlərdə Ermənistan rəhbərliyi, açıq şəkildə təhlükəsizliklə bağlı siyasətində dəyişiklər etdiyini və bunu şaxələndirməsi haqda bəyanatlar verir. Xüsusilə də, ABŞ-ın xeyir-duası ilə Fransa və Hindistan tərəfindən silahlandırılan Ermənistan, getdikcə Rusiyadan daha çox aralanmağa çalışır”.
Politoloqun sözlərinə görə, son 1 ildə, 1-2 istisna xaric Ermənistan Rusiyanın təşəbbüsü və aparıcı olduğu formatların heç birində iştirak etmir, bu proseslərdən boyun qaçırır.
“Noyabrın 23-də gözlənilən növbəti KTMT toplantısında da eyni vəziyyət olacaq. Belə ki, Nikol Paşinyan Belarus prezidenti ilə danışıqlarda həmin tədbirdə iştirak edə bilməyəcəyini bəyan edib. Yəni, Ermənistanın KTMT-dən çıxması zamana bağlı məsələdir. Nəzərə alsaq ki, bir neçə gün öncə, ABŞ-a istinadən belə bir məlumat yayıldı ki, Amerika Ermənistana bir sıra məsələlərlə bağlı ciddi şəkildə təminatlar verib”.
Oqtay Qasımov Ermənistanın KTMT-dən xaric olunmasını düşünmür.
“O ki qaldı, Ermənistanın özünün KTMT-dən xaric olunmasına, mən düşünmürəm ki, KTMT üzvləri belə bir qərar versinlər. Hazırda sakit tərzdə kənarlaşma prosesi davam etməkdədir”.
Siyasi şərhçi düşünür ki, Ermənistanın KTMT-dən, ümumiyyətlə Rusiyanın orbitindən çıxması bölgədə ciddi gərginliklərə səbəb olacaq.
“Rusiyanın Ermənistanla bağlı davranışlarını biz gələcək proseslərdə görəcəyik. Tarixə nəzər salsaq, Gürcüstan-Ukraynanın timsalında bunun nələrə gətirib-çıxaracağını görmək olar. Rusiya hələki Ermənistana qarşı təzyiq proseslərini işə salmayıb”, - deyə politoloq yekunlaşdırıb.
Həcər Əmiraslanlı
