00:00:00
Yazar
Admin User
04.12.2025 13:22 129 3 dəq oxuma
Siyasət

“Ermənistan şərt qoyan yox, şərtlərə uyğunlaşan tərəfə çevrilib”

“Ermənistan şərt qoyan yox, şərtlərə uyğunlaşan tərəfə çevrilib”

"Azərbaycan-Ermənistan münasibətlərində hazırda müşahidə olunan yumşalma təsadüfi yox, məhz Azərbaycanın II Qarabağ müharibəsindən sonra yaratdığı yeni regional reallığın məntiqi nəticəsidir. Bakı hərbi qələbəni diplomatik üstünlüyə çevirə bilib və bu gün proseslərin sürətini, gündəliyini və çərçivəsini əsasən Azərbaycan müəyyən edir. Ermənistan faktiki olaraq alternativsiz durumda qalaraq sülh gündəliyinə uyğunlaşmağa məcbur olub".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Tural İsmayılov deyib.

 

Onun sözlərinə görə, firliklərin açılması ilə bağlı yayılan iddialar sırf texniki yox, strateji məsələdir:

 

"Azərbaycan üçün səfirlik diplomatiyası yalnız sülh sazişi tam imzalandıqdan, Ermənistanın ərazi iddiaları hüquqi müstəvidə birdəfəlik aradan qalxdıqdan və təhlükəsizlik mexanizmləri real təminat qazandıqdan sonra gündəmə gələ bilər. Bakı burada tələsmir, çünki Azərbaycanın əsas məqsədi formal normallaşma deyil, dönməz sabitlikdir. Diplomatik münasibətlər yalnız siyasi risklər minimuma endiriləndən sonra anlam kəsb edə bilər",-deyə o bildirib. 

 

Politoloq Ermənistanın digər dövlətlərlə olan münasibətinin bərpasından da bəhs edib:

 

"Ermənistanın Türkiyə və Pakistanla münasibətləri normallaşdırmaq xətti də birbaşa Azərbaycan faktorunun nəticəsidir. Xüsusilə Türkiyə istiqamətində İrəvanın manevr imkanları məhduddur və Azərbaycanla münasibətlər normallaşmadan Ankara ilə real irəliləyiş mümkün deyil. Bu, regionda yeni güc balansının Azərbaycanın xeyrinə formalaşdığını göstərən əsas göstəricilərdən biridir. Ermənistan regional proseslərə şərt qoyan yox, şərtlərə uyğunlaşan tərəf mövqeyindədir",-deyə o vurğulayıb. 

 

Politoloq Azərbaycanın II Qarabağ Müharibəsində Ermənistana havadar duran ölkələrlə olan münasibətinə də aydınlıq gətirib:

 

"Azərbaycan-Hindistan münasibətlərində isə açıq etimad boşluğu qalmaqdadır. Müharibə dövründə Hindistanın Ermənistanı siyasi və hərbi-texniki baxımdan açıq dəstəkləməsi Bakıda ciddi narazılıq yaradıb. Hazırda münasibətlər formal diplomatik çərçivədə saxlanılır, lakin siyasi istilik yoxdur. Gələcəkdə müəyyən praqmatik iqtisadi əməkdaşlıq imkanları yarana bilər, ancaq Dehlinin Cənubi Qafqazda açıq şəkildə birtərəfli xəttdən imtina etmədən münasibətlərin dərinləşməsi real görünmür.

 

Azərbaycan-Fransa münasibətləri isə prinsipial böhran mərhələsi indi yoxdur. Parisin ardıcıl şəkildə Ermənistanı müdafiə etməsi, beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli mövqe tutması Bakının Fransa ilə siyasi əlaqələri minimum səviyyəyə endirməsinə səbəb olub. Burada məsuliyyət açıq şəkildə Fransanın üzərindədir. Azərbaycan qalib dövlət kimi kənar təzyiq və siyasi şantajı qəbul etmir və münasibətlərin normallaşması üçün təşəbbüs göstərmək niyyətində deyil. Top hazırda Parisin meydanındadır.

 

Azərbaycan-İran münasibətləri isə daha mürəkkəb və çoxqatlıdır. Müharibə dövründə Tehranın ziddiyyətli mövqeyi, sonrakı mərhələdə isə bəzən gərgin, bəzən normallaşan xətt müşahidə olunur. Bununla yanaşı, coğrafiya, iqtisadi maraqlar və təhlükəsizlik aspektləri iki ölkəni əməkdaşlığa yönəldə bilir. Azərbaycan bu münasibətlərdə də prinsipial balans siyasəti aparır. Belə ki, suverenliyinə və təhlükəsizliyinə toxunulduğu anda sərt reaksiya verir, qarşılıqlı maraqlar üst-üstə düşəndə isə praqmatik əməkdaşlıq xəttini üstün tutur",-deyə o əlavə edib.

 

"Ümumilikdə, regionda baş verən bütün bu proseslərin mərkəzində duran əsas aktor artıq Azərbaycandır. Bakı təkcə müharibənin qalibi yox, eyni zamanda sülhün şərtlərini müəyyən edən əsas siyasi gücə çevrilib. Ermənistanın, eləcə də ona havadarlıq edən dövlətlərin manevr sahəsi ciddi şəkildə daralıb. Qarşıdakı mərhələdə də əsas yeniliklər sürətli normallaşmadan çox Azərbaycanın iradəsinə uyğun mərhələli siyasi uyğunlaşmalar şəklində davam edəcək. Burada sürəti müəyyən edən tərəf Ermənistan yox, Bakı olacaq",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər