Ermənistan şərtlərə biganə yanaşır
Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqları tamamlayıb. İndi sazişin imzalanacağı yer və tarixlə bağlı məsləhətləşmələr aparılır. Variantlar arasında iki ölkə sərhədi və neytral üçüncü ölkələr var. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, əsas məsələ imzalanma üçün uyğun yer və vaxt tapmaqdır. Azərbaycan isə sazişin imzalanması üçün iki konkret şərt irəli sürüb: Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddiaları çıxarılmalı və ATƏT-in Minsk qrupunun ləğvi dəstəklənməlidir.
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, sülh sazişinin imzalanması üçün öncə Ermənistan Azərbaycanın təkliflərini qəbul etməlidir:
“Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Bu təkliflər sülh sazişinin dayanıqlı olmasını təmin edir və üçüncü qüvvələri prosesdən kənarlaşdırır. Amma görünən odur ki, rəsmi İrəvan Azərbaycanın təkliflərini qəbul emək əvəzinə manipulyasiya etməklə sülh prosesini yubatmağa çalışır. Bununla paralel olaraq sürətlə silahlanılır. Ermənistanın sülh istiqamətində açıqlamaları sadəcə beynəlxalq ictimai rəyə özünü sülh tərəfdarı kimi göstərməyə hesablanıb. Faktiki olaraq isə real nəticə üçün konkret addımlar atmaqdan yayınıb".
O həmçinin açıqlamasında bildirib ki, sülh prosesində real nəticənin əldə olunması üçün bu iki şərtin yerinə yetirilməsinin alternativi yoxdur:
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada bunu bir daha diqqətə çatdırdı. Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasını, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələni sülh sazişindən sonraya saxlamaqla sülhün tezləşdirilməsi istiqamətində önəmli addımlar atıb. Amma kapitulyasiyaya imza atmış Ermənistan fərqli davranış nümayiş etdirməklə prosesdən yayınır. Bu da təbii ki, sülhə mane olan başlıca amildir".
Ayşən Səlimova