00:00:00
Yazar
Admin User
21.11.2025 15:11 125 4 dəq oxuma
Siyasət

Ermənistan təhsil sistemində yenilik

Ermənistan təhsil sistemində yenilik

 

Ermənistan təhsil sistemində bu il diqqətçəkən yenilik baş verib. İlk dəfə olaraq üç dövlət məktəbində Azərbaycan dili könüllü fənn kimi tədris olunmağa başlayıb. Dərslər 10-12-ci sinif şagirdləri üçün nəzərdə tutulsa da, maraq əsasən ölkədə yeni regional dillərin açılması siyasəti ilə bağlıdır. Bu addım həm sosial baxımdan, həm də regiondakı dəyişən münasibətlər fonunda geniş müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki,sərhəddə yerləşəcək ərazilərdə bu dilin tədris edilməsi çox prioritet və strateji bir addımdır:

 

"Əslində bir müddətdir ki, Ermənistanda Azərbaycan dilinin tədrisinə dair konkret təkliflər irəli sürülür. Burada təkcə Azərbaycan dili deyil, türk, Azərbaycan, fars dili və gürcü dilinin tədrisi, seçmə fənn kimi tədris prosesinə salınması istənilir. Artıq pilot məktəblər bu məsələyə qoşulub və yeni seçim əsaslıdır. Maraqlısı budur ki, məktəblərin bir çoxu Azərbaycan dilini seçirlər.

Mən niyə burada Azərbaycan və türk dilini ayırdım? Çünki türk dili və Azərbaycan dili kök etibarilə eyni dillər olsa da, aksent fərqləri var. Əslində bu, Birinci Qarabağ müharibəsi zamanı da erməni tərəfdə aydın şəkildə hiss olunurdu. Həmin dövrə aid kadrlarda Anadolu türkcəsində danışanlarla Azərbaycanda yaşayan ermənilərin danışığı arasındakı fərq görünürdü. Ona görə də hesab edirəm ki, iki ayrı ləhcə üzərindən tədris prosesi gedəcək.

Bəs Ermənistan belə bir addımı niyə atır?Söhbət Azərbaycanla sülh prosesi və Türkiyə ilə münasibətlərin normallaşması prosesindən gedir ki, bunlar bir-birindən çox asılı məsələlərdir. Belə olan təqdirdə Ermənistan hər iki ölkə ilə təmas qurmaq üçün yeni kadrlara ehtiyac duyur və bu kadrların da yerli dilləri öyrənməsi maraqlıdır".

 

Həmçinin politoloq qeyd edib ki, bu strateji bir addımdır və diplomatik baxımdan mesajdır. Yəni burada daha çox tərəflərin bir-birini düzgün başa düşməsi və anlaması baxımından çox mühüm məsələdir:

 

"Xüsusən də sərhəddə yerləşəcək ərazilərdə bu dilin tədris edilməsi, məncə, çox prioritet və strateji bir addımdır. Gələcəkdə belə proqramların genişləndirilməsi, bəli, iki ölkə arasında gənclərin qarşılıqlı anlaşmasına kömək edə bilər. Maraqlısı odur ki, Ermənistanda da, Azərbaycanda da bu dili öyrənmək məsələsinə xüsusi aktivlik göstərirlər. Əlbəttə ki, hər zaman düşmən qalmaq kimi bir durum yoxdur və mən hər şeyi unudaq demirəm. Amma nəticə etibarilə proses gedirsə, ölkə vətəndaşları və gənclərin də buradakı əsas rolu sülhə töhfə verməkdir. Nəzərə almaq lazımdır ki, bu müharibənin davam etməsi ancaq və ancaq regionda marağı olan qüvvələrin maraqlarına uyğundur. Yəni başqa ölkələr hər zaman bu regionu özünün nəzarət edə biləcəyi bir məkan kimi görür. Halbuki region ölkələri kifayət qədər potensiallı və bir-biriləri ilə təmasda ola biləcək ölkələrdir.

Azərbaycan,Gürcüstan,Ermənistan münasibətlərinə ayrılıqda baxdıqda kifayət qədər yaxşı olduğunu görmək olur və deməli, bu münasibətləri tətbiq etmək olar o şərtlə ki, tərəflər bir-birinin ərazisində haqq iddia etməsin. Qarşılıqlı belə təmaslar davam etsin. Bu dil məsələsinin digər tərəfi də odur ki, hər iki tərəf gələcəkdə ortaq tarixi faktların ortaya çıxarılması, ortaq tarixin müəyyənləşdirilməsi, regionda təmasların intensivləşməsi və gənclər dialoqlarının qurulması baxımından çox vizionlu və gələcək perspektivə hesablanan bir addımdır. Bax, ona görə də mən bunu təqdirəlayiq hesab edirəm. Hər zaman Azərbaycan tərəfi ehtiyatı əldən verməməlidir. Çünki keçən əsrdə ermənilər dəfələrlə barışmağımıza baxmayaraq, istər mart soyqırımları olsun, 1918-ci il öncəsi, istərsə də 90-cı illərdə baş verən hadisələr olsun fürsət düşəndə təəssüf ki, onları yoldan çıxarmaq çox asandır. Yəni iradə baxımından zəif xalqdırlar və gələcəkdə balansın pozulması fonunda ermənilərin yenidən işğala cəhd etməyəcəyinə dair heç kəs qaranti vermir. Ona görə də həm bu tipli halların qarşısını almaq, həm də tarix saxtalaşdırma cəhdlərinin qarşısını almaq üçün Azərbaycanda da erməni dilinin tədrisi çox vacibdir. Amma dialoq baxımından Azərbaycan tərəfi də Ermənistanın əslində bu təşəbbüsünə dəstək verə bilər. Əslində biz bir müddətdir ki, bu dil məsələsinə fokuslanmışıq və gələcəkdə Azərbaycanda yetişəcək erməni dili bilən kadrlar Ermənistana gedib bu ölkədə Azərbaycan dilinin tədrisinə də keçə bilərlər. Həm də belə bir məsələ var ki, sabah sülh əldə edildikdən sonra Qərbi Azərbaycanın ata-baba yurdlarına qayıdış fonunda dərs prosesində iştirak edə biləcək Azərbaycan dili bilən erməni kadrlarına, eyni zamanda erməni dilini bilən azərbaycanlı kadrlara çox ehtiyac olacaqdır. Bu baxımdan da hesab edirəm ki, məhz bu təşəbbüs bir vaxt sonra dövlətlətarası münasibətlərdə də təsdiqlənəcək".


Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər