Ermənistan və Almaniya tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıbılar
Ermənistan və Almaniya münasibətlərində yeni mərhələ başlayır. Berlində rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts iki ölkə arasında strateji tərəfdaşlıq dövrünün başlandığını rəsmiləşdirən Bəyannaməni imzalayıblar. Paşinyan imzalanan sənədi “tarixi addım” adlandıraraq İrəvan-Berlin əlaqələrinin qarşılıqlı hörmət və ortaq dəyərlər üzərində qurulduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Vüqar Əhmədov bildirib ki, Ermənistanın Qərbə inteqrasiya etdiyi məlumdur, Paşinyan Avro-inteqrasiya istiqamətinə yönəlib:
“Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridir, Fransa ilə müqayisədə, Almaniya, Cənubi Qafqaz və Ermənistanla Azərbaycan arasında mövcud olmuş sülh prosesinə Fransadakı siyasi dairələrdən fərqli olaraq, daha obyektiv münasibət sərgiləmişdir. Almaniya həm də Avropada iqtisadi gücdür, ona görə də, Paşinyan Almaniyadan faydalanmaq istəyir. Əlbəttə ki, Almaniyanın da Cənubi Qafqazda təsirləri və marağı vardır. Böyük ehtimal Paşinyan Avropada olan siyasi qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır. Çünki Avro-inteqrasiya tərəfdarı olan Paşinyanı ölkəsindəki Rusiyapərəst qüvvələr sıradan çıxarmaq istəyir. Bu baxımdan Paşinyan Avropaya daha çox Avro-inteqrasiya tərəfdarı olduğunu göstərməyə çalışır “.
Reyhan Quliyeva
