Ermənistanda ordu ilə bağlı qərar – Əliyevin tələbidir?
Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından həyata keçirilməsi planlaşdırılan icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarılıb.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a bildirib ki,
Ermənistanda ordu islahatları regionda yaranan yeni reallıqların nəticəsidir:
“Artıq müharibə dövrü bitib, sülh müqaviləsi paraflanıb. Belə bir vəziyyətdə isə Ermənistan hərbi xərclərini azaltmağa çalışır. Düzdür, İrəvanda yeni qərarı Azərbaycan Prezidentinin Ermənistan ordusunun demilitarizasiyası tələbinin yerinə yetirilməsi kimi qiymətləndirənlər var. Bu qərarın Ermənistan üçün təhlükəsizlik problemi yaradacağını, ordunun keyfiyyətini aşağı salacağını deyənlərə də rast gəlinir. Amma son vaxtlar bəzi Ermənistan rəsmiləri belə cıxışlarında Azərbaycanla hərbi rəqabətin mümkün olmadığını etiraf edirlər. Həm əsgər sayı, həm döyüş qabiliyyəti, həm də müasir hərbi texnika baxımından Azərbaycan Ermənistanı üstələyir. Bu baxımdan Ermənistan hökumətinin 2026-cı ilin yay çağırışından həyata keçirilməsi planlaşdırılan icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarması anlaşılandır.
Müzakirə olunan layihənin Ermənistan ordusuna kəmiyyət və keyfiyyət baxımından təsirinə gəlincə bəli müəyyən təsirləri olacaq. Əvvəla sayın azalması onsuz da əhalisi az olan ölkə üçün xidmətdə müəyyən çatışmazlıqlar yarada bilər. Digər tərəfdən bu qərar yalnız xidmət müddətinin azaldılması ilə kifayətlənsə onda keyfiyyət baxımından da problemlər meydana çıxacaq.
Bu layihənin Ermənistanın təhlükəsizlik qabiliyyətini zəiflədəcək deyənlər isə yəqin hələ də anlamırlar ki, onlar dinc durduqları müddətcə heç bir ölkə Ermənistana hücum etməyəcək”.
Cavahir Əsgərbəyli