00:00:00
Yazar
Admin User
13.10.2025 15:31 115 2 dəq oxuma
Siyasət

Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlı verdiyi əmrlər açıqlanıb

Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlı verdiyi əmrlər açıqlanıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 13-də davam etdirilib.

 

"İnformator.az" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

 

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

 

Məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

 

Sənədlərdən birində qeyd edilib ki, qondarma qurumun mövcud olduğu müddət ərzində mediada həftəlik "Qoyamart" (Azərbaycan dilinə tərcümədə "yaşamaq uğrunda döyüş") hərbi proqramı yayımlanıb.

 

Həmin proqramın verilişləri izlənilərək təhlil edilib, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalının təşviq edilməsi və Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə orada xidmət edən yüksəkrütbəli zabitlərin fəaliyyətinin qeydiyyatı aparılıb. Belə zabitlərdən biri general-mayor ali hərbi rütbəli, hazırda təqsirləndirilən David Manukyandır. "Qoyamart" hərbi proqramının 2020-ci il mayın 16-da yayımlanmış buraxılışına əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin diviziyalarında "müdafiə döyüşündə atıcı silahlardan atəşin aparılma forma və metodları" və "müdafiə döyüşündə qumbaraatan taqımının tətbiqi" mövzularında "nümunəvi məşğələlər" keçirilib. Təlimlərə rəhbərliyi silahlı birləşmənin komandanı general-leytenant Calal Arutyunyan və onun 1-ci müavini general-mayor David Manukyan edib, "lazımi göstərişlər" veriblər.

 

Elan olunan sənədlərdən biri "Krunq" təşkilatının yaradılması və fəaliyyəti ilə bağlı olub.

 

Növbəti sənədlər Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaradılması, formalaşması barədə bir sıra məlumatlarla bağlı olub. Bildirilib ki, 1992-ci il yanvarın 28-də Ermənistan hökumətinin qərarı ilə Nazirlər Şurası yanında Əlahiddə Müdafiə Komitəsi ləğv olunub və onun bütün əmlakı yeni yaradılmış Müdafiə Nazirliyinin tərkibinə verilib. Müdafiə naziri vəzifəsinə Vazgen Sarkisyan təyin edilib.

 

Daha sonra Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkilləri də məhkəmədə nümayiş etdirilib.

 

Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun "ordusu"na (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər