00:00:00
Yazar
Admin User
22.09.2025 18:11 107 2 dəq oxuma
Siyasət

Ermənistanın hərbi cinayətləri məhkəmədə ifşa olundu

Ermənistanın hərbi cinayətləri məhkəmədə ifşa olundu

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, eləcə də terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması kimi digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları - Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barəsində olan cinayət işi üzrə açıq məhkəmə prosesi sentyabrın 12-də davam etdirilib.

 

Məsələ ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, separatçı rejimin Azərbaycana qarşı hücumları, Azərbaycanın ərazi bütövlüyünün pozulması, Azərbaycan əsgərlərinin və mülki vətəndaşlarının öldürülməsi və ya yaralanması, onlara qarşı təxribatlar, Azərbaycanın infrastrukturunun dağıdılması, mülki və hərbi obyektlərə zərbələr endirilməsi və digər bu kimi məsələlər sübut olunub:

 

“Bütün bunlar həbs olunan şəxslərin hərbi cinayətkar olduğunu açıq şəkildə göstərir. Biz onlara faktiki olaraq Azərbaycanın ərazisində təxribat törətmiş terrorçular, qanunsuz silahlı dəstələrin üzvləri kimi yanaşırıq. Eyni zamanda, Azərbaycan əlbəttə ki, bu sənədləri beynəlxalq təşkilatlara təqdim edəcək. Çünki vaxtaşırı Qərb ölkələri, o cümlədən Avropa və Fransa bu məsələni gündəmə gətirir. Bildirilir ki, Azərbaycan bu şəxsləri hərbi əsir kimi qəbul edib onları qaytarmalıdır. Hətta ABŞ Konqresində belə bu məsələ qaldırılıb.

Azərbaycan isə cavab olaraq bildirir ki, bu şəxslər hərbi əsir deyil. Yəni Azərbaycan döyüş meydanında düşmən döyüşçüsünü və ya xarici vətəndaşı həbs etməyib. Bu şəxslərin bir çoxu əvvəllər Azərbaycan vətəndaşı olub, lakin Azərbaycan dövlətinə qarşı silah qaldırıb, vətəndaşları qətlə yetirib və cinayətlər törədiblər. Onlar həm Azərbaycan qanunvericiliyini pozublar, həm də qanunsuz silahlı birləşmələr yaradaraq terror əməlləri həyata keçiriblər. Buna görə də onlar cəzalandırılmalıdırlar.

Azərbaycan bu məsələni kifayət qədər şəffaf şəkildə aparmalı, məhkəmə açıq keçirilməlidir. Mövcud sənəd və faktlarla beynəlxalq ictimaiyyətə Azərbaycanın haqlı mövqeyi çatdırılmalıdır. Beynəlxalq ictimaiyyət isə bu məsələni yalnız hüquqi deyil, həm də siyasi aspektdən qiymətləndirəcək. Azərbaycan əleyhinə mövqe tutanlar bu şəxslərə hərbi əsir kimi yanaşacaq və Azərbaycan məhkəməsinin qərarlarını tanımaqdan imtina edə bilərlər. Digər tərəfdən, Azərbaycanın mövqeyini qəbul edən və ya neytral mövqe sərgiləyən tərəflər bu qərarı dəstəkləyə bilər.

Amma istənilən halda bizim əsas hədəfimiz bu sənədləri təqdim etməklə Azərbaycanın haqlı olduğunu və bu şəxslərin müharibə cinayətkarı, eyni zamanda terrorçu olduqlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır".

 

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər