00:00:00
Yazar
Admin User
15.10.2025 13:42 118 2 dəq oxuma
Siyasət

Ersin Tatar Azərbaycan və Türkiyə parlament dostluq qruplarının rəhbərləri ilə görüşüb

Ersin Tatar Azərbaycan və Türkiyə parlament dostluq qruplarının rəhbərləri ilə görüşüb

Oktyabrın 14-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ŞKTC, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşüb.


Lefkoşadakı Prezident Kompleksində keçirilən görüşdə Azərbaycan tərəfindən Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin bir neçə deputatı iştirak edib.


Görüş iştirakçıları qarşısında çıxış edən Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə bu yaxınlarda keçirilmiş Zirvə Görüşünün nəticələrini yüksək qiymətləndirib. O, həmçinin Zirvə Görüşünə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


O qeyd edib ki, prezident olduğu ilk gündən türk ölkələri ilə sıx dialoqa can atıb.


E.Tatar bütün beynəlxalq platformalarda ŞKTC-nin ədalətli mövqeyini fəal şəkildə dəstəkləyən Türkiyənin siyasətini də yüksək qiymətləndirib.


Öz növbəsində Ə.Əmiraslanov Azərbaycan ilə ŞKTC arasında dostluq əlaqələrinin hərtərəfli inkişaf etdiyini qeyd edərək, oktyabrın 19-na təyin edilmiş ŞKTC-də prezident seçkilərinin uğurla keçiriləcəyinə ümidvar olduğunu bildirib.


Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şimali Kipr ilə digər ölkələr tərəfindən də parlamentlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Mövzu ilə bağlı Politoloq Züriyə Qarayeva açıqlamasında bildirib:


"Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında münasibətlərin son dövrlərdə intensivləşməsi türk dünyasının siyasi və diplomatik xəritəsində yeni səhifə açır. Prezident Ersin Tatarla Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının görüşü bu istiqamətdə atılan mühüm addımdır. ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasından sonra əlaqələrin siyasi müstəvidən praktiki əməkdaşlığa keçməsi regional birliyin gücləndirilməsinə xidmət edir. Bu münasibətlər təkcə diplomatik deyil, həm də mədəni, iqtisadi və strateji baxımdan türk coğrafiyasının inteqrasiyasını sürətləndirir. Azərbaycan üçün bu əlaqələr həm Kipr türklərinə mənəvi dəstək, həm də beynəlxalq arenada türklüyün birliyinin simvolik ifadəsidir.


Parlamentlərarası dialoqun inkişafı isə bu prosesin davamlılığını təmin edən mühüm alətdir. ŞKTC-nin beynəlxalq tanınma problemi fonunda, Azərbaycan kimi dost ölkələrlə parlament səviyyəsində əməkdaşlıq onun beynəlxalq legitimliyini möhkəmləndirir. Digər tərəfdən, bu dialoq qanunverici orqanlar arasında təcrübə mübadiləsini, iqtisadi və sosial layihələrin hüquqi bazasının formalaşmasını asanlaşdırır. Nəticədə, parlament diplomatiyası dövlətlərarası münasibətlərin təkcə siyasi deyil, həm də institusional əsaslarını gücləndirir. Bu, həm Şimali Kiprin beynəlxalq aləmdə yerini möhkəmləndirir, həm də Azərbaycanın türk dünyasında liderlik mövqeyini daha da gücləndirir".


Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər