Estoniya parlamenti Rusiyayla sərhədin bağlanması təklifini rədd edib
Estoniya parlamenti ölkənin Rusiya ilə sərhədini bağlamaq barədə qanun layihəsini birinci oxunuşda rədd edib. 47 deputat əleyhinə, 20 deputat lehinə səs verib. Qanun layihəsi sərhəd təhlükəsizliyini gücləndirməyi və regional təhlükəsizliyi artırmağı məqsəd qoysa da, parlament tərəfindən dəstəklənməyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki,Estoniya Parlamentinin son qərarı heç də Avropa İttifaqı ilə münasibətlərdə tərəddüdə düşmək və ya Rusiya ilə yaxınlaşmaq niyyəti kimi qiymətləndirilməməlidir:
"Bu qərar, əksinə, Estoniya hakimiyyətinin və parlamentinin ölkəni növbəti gərginlik və ya toqquşma məkanına çevirmək istəmədiyini göstərir. Məlum olduğu kimi, Fransa Silahlı Qüvvələrinin rəhbərliyi də daxil olmaqla, Qərb hərbi dairələrində Rusiya ilə NATO arasında qarşıdurmanın yaxın illərdə qaçılmaz ola biləcəyinə dair narahatlıqlar açıq şəkildə ifadə olunmaqdadır. Eyni zamanda, Rusiya ilə sərhəddə yerləşən bəzi Avropa ölkələri - xüsusilə Baltikyanı dövlətlər - artan hərbi təzyiqlərlə üz-üzədir. Məsələn, Estoniya ərazisini Rusiya təyyarələri tərəfindən pozması və sərhəd bölgələrində dron fəaliyyətləri bu təhdidin real olduğunu göstərir. Bu kontekstdə Estoniya Parlamentinin qərarı həm daxili, həm də xarici siyasətdə balans yaratmaq məqsədi daşıyır. Estoniya bir tərəfdən Rusiya ilə birbaşa qarşıdurmadan yayınmağa çalışır, digər tərəfdən isə Avropa İttifaqı və NATO ilə daha sıx əməkdaşlıq istiqamətində addımlar atır. Bu, hökumətlə razılaşdırılan, düşünülən və strateji bir yanaşmadır.
Parlamentin qərarı, əslində, Estoniyanın milli təhlükəsizliyini qorumaq və eyni zamanda, Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirmək istəklərinin məntiqi nəticəsi kimi qəbul edilməlidir".
Aişə Mustafayeva