F-16 və F-35 müqavilələri ilə bağlı danışıqlar
ABŞ və Türkiyə nümayəndə heyətləri Vaşinqtonda yüksək səviyyəli görüş keçirib.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a bildirib ki, Tramp və Ərdoğanın müzakirələri yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də qlobal geosiyasi mövzularla sıx bağlıdır:
“İkitərəfli kontekstdə baxsaq, əsas problem hələ də F-16 və F-35 məsələsidir. ABŞ Türkiyəni F-35 proqramından çıxarmaqla həm texnoloji, həm də siyasi mesaj verib. Bunun səbəbləri sırasında Türkiyənin S-400 alışı, eyni zamanda müstəqil xarici siyasət yürütməsi dayanır. Bu gün danışıqlarda həmin problemlərin üzərindən keçilir. 2026-cı ildən sonrakı mərhələdə, xüsusən də ABŞ-də hakimiyyət dəyişikliyi baş verərsə, münasibətlərin istiqamətində dönüş ola bilər. Ərdoğan və Tramp arasındakı dialoqlar müəyyən razılaşmalara yol aça bilər. Çünki ABŞ üçün Türkiyə strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Vaşinqton üçün əsas prioritetlərdən biri Çinə qarşı balans yaratmaqdır. Bu baxımdan Türkiyənin həm geosiyasi mövqeyi, həm də NATO üzvü kimi rolu Amerikanın əlini gücləndirir. Digər tərəfdən, Cənubi Qafqazda, Yaxın Şərqdə və Avropada Türkiyənin təsir imkanları getdikcə artır. Bu faktor ABŞ-ni Ankara ilə əməkdaşlığa məcbur edən ən mühüm səbəblərdəndir.
Danışıqların nəticələri yalnız hərbi-texniki məsələlərlə məhdudlaşmayacaq, həm də ABŞ-Türkiyə münasibətlərinin gələcək siyasi kursunu müəyyən edəcək. Əgər Vaşinqton Türkiyəyə qarşı sərt sanksiya siyasətini yumşaldarsa, F-16 müqaviləsi ilə yanaşı, F-35 proqramına qismən də olsa, geri dönüş mümkün ola bilər. Əks halda, Ankara alternativ müdafiə texnologiyalarına, o cümlədən yerli istehsala və başqa tərəfdaşlara yönələcək. F-16 və F-35 məsələsi ABŞ-Türkiyə münasibətlərinin yalnız bir tərəfini təşkil edir. Gələcəkdə bu əməkdaşlığın miqyası daha geniş geosiyasi çərçivədə formalaşacaq”.
Fatimə Hüseynli
