Fermentasiya edilmiş qidaların psixoloji sağlamlığa təsiri
Fermentasiya qidaların bakteriya və maya kimi mikroorqanizmlər vasitəsilə parçalanma prosesidir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, Fermentasiya olunmuş qidalar — mikroorqanizmlər tərəfindən qidanın komponentlərinin enzimatik şəkildə parçalanması və dəyişdirilməsi yolu ilə hazırlanmış qidalardır:
“Bu proses həm qorunmanı, həm də dad və teksturanın dəyişməsini təmin edir. Fermentasiya nəticəsində qidalarda canlı faydalı mikroorqanizmlər, fermentlər, bəzi B vitaminləri və maddələr mübadiləsini asanlaşdıran parçalanmış komponentlər artmış ola bilir. Onlarda canlı və ya fermentasiya prosesinin məhsulu olan mikroorqanizmlər olur. Qida tərkibi (məsələn, şəkər və zülal) mikroblar tərəfindən parçalanır, nəticədə bəzi qida maddələrinin təsir gücü arta bilər. Dad və teksturada fərqlilik və uzun müddətli saxlanma qabiliyyəti yaranır”.
-Bəs tress, narahatlıq və depressiya üçün fermentasiya olunmuş qidaların real təsiri varmı?
“Bəli,amma məhdud və şərtlidir. Mövcud elmi sübutlar ümidvericidir, amma nəticələr qarışıqdır və nəticə şəxsə, qidanın növünə və klinik kontekstə görə dəyişir. Fermentasiya olunmuş qidalar bağırsaq mikrobiomasını dəyişə bilər, mikroblar fermentasiya məhsulları vasitəsilə beyinə təsir edən yollara təsir göstərə bilər. Əgər stress, narahatlıq və ya depressiya varsa, gündəlik pəhrizə fermentasiya olunmuş məhsullar əlavə etmək potensial fayda verə bilər, amma bu müalicə əvəzi deyil. Daha güclü və etibarlı effekt üçün konkret klinik terapiya lazım ola bilər. Analizlər ümumilikdə göstərir ki, probiotiklərin depressiya simptomlarını azaltmaqda bəzi təsiri var, lakin keyfiyyət və effekt ölçüsü dəyişir.
Fermentasiya olunmuş qidalar hər kəs üçün uyğun deyil. Məsələn ağır xroniki xəstəlik, mədə-bağırsaq həssaslığı olan şəxslərdə problemlər yarana bilər. Həmçinin bəzi ənənəvi məhsullarda yüksək natrium ola bilər.
Azərbaycan mətbəxində ənənəvi fermentasiya olunmuş qidalara aiddir:Məsələn qatıq, ayran, dovğa, qurut, milli pendirlər, kənd tipli süd məhsulları və s. Bu ənənəvi fermentləşdirilmiş məhsullar gündəlik pəhrizə daxil edildikdə həzm sağlamlığına və mikrobiota müxtəlifliyinə müsbət təsir göstərə bilər. Lakin psixoloji fayda üçün konkret sübutlar adətən tək bir məhsuldan yox, ümumi pəhriz və həyat tərzinə bağlıdır.
Sağlam qidalanaraq sağlam yaşayın!”
Çimnaz Telmanqızı
