00:00:00
Yazar
Admin User
31.10.2025 14:13 145 3 dəq oxuma
Siyasət

Əfqanıstan-Pakistan razılaşması

Əfqanıstan-Pakistan razılaşması

 

Əfqanıstan və Pakistan sərhəddə situasiyanın nizamlanması üçün danışıqları davam etdirmək və 6 noyabrda İstanbulda yeni görüş keçirmək barədə razılığa gəliblər.

 

Bu barədə Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.

 

Bəyanatda bildirilir ki, Əfqanıstan, Pakistan, Türkiyə və Qətər Dohada razılaşdırılmış atəşkəsi gücləndirmək üçün oktyabrın 25-30-da İstanbulda görüşlər keçiriblər və tərəflər atəşkəsi davam etdirmək barədə razılığa gəliblər. Əlavə şərtlər 6 noyabrda keçiriləcək rəhbərlər görüşündə müzakirə olunacaq.

 

Mövzu ilə əlaqədar Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, Əfqanıstan və Pakistan arasında yaşanan gərginlik bu gün dünyanın ən ciddi və diqqətçəkən münaqişələrindən biridir:

 

“Regionun geosiyasi baxımdan son dərəcə həssas olması, münaqişənin həlli məsələsini qlobal səviyyədə önəmli edir. ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə atdığı addımlar və təşəbbüslər də diqqətdən kənarda qalmır. ABŞ-nin müttəfiqləri olan Türkiyə və Qətərin prosesdə iştirakı isə təsadüfi deyil.Türkiyə və Qətər indiyədək bir sıra münaqişələrdə vasitəçilik missiyasını üzərlərinə götürərək real təcrübə qazanıblar. Bu təcrübələrin bəziləri uğurlu, bəziləri isə nəticəsiz olub. Lakin hər bir halda iki dövlət arasında gərginliyin aradan qaldırılması, tərəflərin dialoqa dəvət olunması həm humanist baxımdan önəmli addımdır, həm də bəşəri dəyərlərə xidmət edir”. 

 

X. Bəşirov qeyd edib ki, bu münaqişənin dünya üçün başqa bir önəmi də var — bir sıra münaqişələr kimi, o da beynəlxalq ticarət zəncirlərinin qırılmasına, logistika və enerji marşrutlarının pozulmasına səbəb olur:

 

“Çünki belə qarşıdurmalar təsadüfi bölgələrdə deyil, məhz ticarət və enerji yollarının keçdiyi həssas regionlarda baş verir.

 

Əfqanıstan və Pakistanın geniş quru sərhədinə malik olmaları və “Orta Dəhliz” baxımından mühüm mövqedə yerləşmələri bu ölkələrin strateji əhəmiyyətini artırır. ABŞ üçün isə bu iki dövlətin önəmi, həm də onların Çinlə sərhəddə yerləşməsindən qaynaqlanır. Bu səbəbdən Vaşinqton münaqişənin həllinə xüsusi önəm verir və Donald Tramp bu istiqamətdəki səylərini öz siyasi aktivinə yazmağa çalışır.

 

Son zamanlar münaqişənin yenidən alovlanması narahatlıq doğurur. Lakin Türkiyə və Qətər bütün diplomatik imkanlarını səfərbər edərək tərəfləri atəşkəsi qorumağa çağırıb. Bundan əvvəlki görüş Doxada keçirilib, növbəti yüksək səviyyəli görüşün isə noyabrın 6-da İstanbulda baş tutması planlaşdırılır. Ümid olunur ki, həmin tarixə qədər atəşkəs rejimi qorunacaq və Türkiyədə keçiriləcək danışıqlar münaqişənin həllində mühüm mərhələ olacaq.Bu prosesin uğurlu nəticələnməsi, regionda sülhün və qonşuluq münasibətlərinin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıyır. Pakistan Azərbaycanın qardaş ölkəsidir və Qarabağ münaqişəsi dövründə, eləcə də ondan sonrakı mərhələdə daim Azərbaycanın yanında olub. Eyni zamanda, Azərbaycan-Əfqanıstan münasibətləri də inkişaf meyli göstərir”.

 

Politoloq açıqlamasında vurğulayıb ki, Azərbaycan heç vaxt münaqişələri dəstəkləyən dövlət olmayıb:

 

“Bu baxımdan qardaş Türkiyənin vasitəçilik fəaliyyəti və sülh prosesinə verdiyi töhfə həm regional sabitlik, həm də Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edir. Atəşkəsin möhkəmləndirilməsi, bölgədəki gərginliyin azaldılması və qaçqın axınının qarşısının alınması baxımından da müsbət nəticə doğura bilər. Atəşkəs rejimi qorunduğu təqdirdə, tərəflər arasında qarşıdurmalar və hücum cəhdləri dayanacaq, sərhəd təhlükəsizliyi bərpa olunacaq. Bununla da insanların təhlükə səbəbindən yaşadıqları əraziləri tərk etmələri üçün zərurət aradan qalxacaq.

 

İnsanlar yalnız təhlükə hiss etdikdə kütləvi şəkildə köç etməyə məcbur qalırlar. Sülh şəraitinin təmin olunması isə bu axınların qarşısını alacaq, regionda sabitlik və normal həyat şəraitinin bərpasına xidmət edəcək”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər