00:00:00
Yazar
Admin User
31.10.2025 10:23 135 2 dəq oxuma
Siyasət

Əfqanıstan və Pakistan İstanbulda yeni görüş keçirəcək

Əfqanıstan və Pakistan İstanbulda yeni görüş keçirəcək

Əfqanıstan və Pakistan arasında sərhəd boyunca yaranmış gərginlik fonunda tərəflər vəziyyətin sabitləşdirilməsi məqsədilə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Məlumata görə, bu məqsədlə noyabrın 6-da İstanbulda yeni görüşün keçirilməsi planlaşdırılır.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Əfqanıstan və Pakistan arasında baş verən silahlı münaqişənin əsas səbəblərindən biri ondan ibarətdir ki, Əfqanıstan hazırda müasir beynəlxalq standartlara uyğun gəlməyən bir qruplaşma, Taliban tərəfindən idarə olunur:

 

"Həmçinin bu təşkilatın bir qanadı Pakistanda yerləşir. Vaxtilə NATO və ABŞ qoşunlarının əməliyyatlarından qaçaraq Pakistan ərazisinə sığınmış Taliban qrupları indi həmin ərazidə silahlı terror hadisələri törətməyə başlayıblar. Onlara dəstək göstərmək istəyən Əfqanıstan silahlı dəstələri də Pakistanla sərhəd bölgəsində toqquşmalar və gərginlik yaradıb. İlkin məlumatlara görə, vəziyyətin əsas səbəbi məhz Əfqanıstan tərəfdədir. Buna görə də Əfqanıstan ilk növbədə Pakistan ərazisində fəaliyyət göstərən keçmiş Taliban silahlı qruplaşmalarını geri çağırmalı və sərhəd təxribatlarına son qoymalıdır. Mövcud situasiya kifayət qədər mürəkkəbdir və ehtimal olunur ki, bu proseslərin arxasında müəyyən xarici qüvvələrin də rolu var. Çünki Pakistan regionda mühüm geosiyasi mövqeyə malik böyük bir dövlətdir və Yaxın Şərqdə təsir dairəsini genişləndirməyə çalışır. Bu isə bəzi qlobal güclərin maraqlarına uyğun gəlmir".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, ABŞ Əfqanıstanı tərk edərkən orada bir neçə milyard dollar dəyərində silah, sursat və hərbi texnika qoyub gedib:

 

"Hazırda Taliban hökuməti məhz həmin texnika və silahlardan istifadə edir. Lakin Taliban hökumətinin Pakistanla hərbi müstəvidə qalib gəlmək imkanları demək olar ki, sıfırdır. Pakistan müasir hərbi imkanlara malik dövlət kimi Əfqanıstanın silahlı dəstələrinə qarşı effektiv zərbələr endirir və bununla Taliban rejiminə göstərir ki, qeyri-bərabər bir savaşa daxil olub və geri çəkilməyə məcburdur. Təbii ki, iki qonşu ölkə arasında dialoqun bərpası son dərəcə vacibdir. Böyük ehtimalla, Türkiyənin vasitəçiliyi ilə noyabrın 6-da İstanbulda keçiriləcək yeni görüşdə Pakistan və Əfqanıstan arasında sülh və dinc münasibətlərin yenidən qurulması istiqamətində mühüm addımlar atıla bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər