Fransa demokratiyasının sınağı: İğtişaşlar və dəyərlər ziddiyyəti
Fransada son dövrlərdə baş verən gərgin proseslər və etirazlar yalnız yerli miqyaslı sosial narazılıqlarla məhdudlaşmır, həm də ölkənin uzun illər ərzində özünü təqdim etdiyi demokratik dəyərlər sistemi ilə gerçəklik arasındakı ziddiyyətləri açıq şəkildə üzə çıxarır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi sistemində bir böhran yaradıb. Bu böhran birbaşa Avropanın aparıcı dövlətlərindən biri olan Fransaya, İtaliyaya, Almaniyanın özündə fəsadlar törətməkdədir:
"Bu münaqişənin fonunda Rusiyaya tətbiq olunan sanksiya Avropa iqtisadiyyatının çökməsinə gətirib çıxardıb. Avropada enerji böhranı yaradıb. Onu da qeyd etmək lazımdır ki, iqtisadiyyatın iki əsas şərti var, onlardan biri enerjidir, ikincisi xammaldır. Avropa Birliyi bu iki komponenti Rusiyadan ucuz qiymətə alıb. Hərbi xaosun nəticəsində Rusiyaya tətbiq olunan sanksiya dolayısı ilə Avropanın Rusiya ilə əlaqəsini kəsib və nəticədə Avropa iqtisadiyyatında böhran baş verib. Bu böhranın da nəticəsində sosial vəziyyətin gərginləşməsinə səbəb olub”.
Politoloq qeyd edir ki, bu gün Fransada yaranmış sosial gərginliklər təbiidir ki, əhalinin sosial vəziyyətin pisləşməsindən qaynaqlanıb və haqlı etirazlardır. Çünki münaqişəyə ayrılan yüz milyardlarla vəsait əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlsəydi bu cür etirazlar baş verməzdi.
"Təbiidir ki gənclərin etirazı haqlıdır, ancaq bu etirazı aradan qaldırmaq üçün güc tətbiq etməklə münaqişəni daha da radikallaşdırılır. Gənclərin sosial vəziyyətin pisləşməsi və haqlı narazılığına siyasi hakimiyyətin güc tətbiq etməklə dayandırılması isə əks reaksiya verir və nəticədə iğtişaşların baş verməsinə səbəb olur".
Xədicə İsmayılova