Fransa və ABŞ-dən kömək istəyiblər
İsrailin yenidən Livana genişmiqyaslı zərbə endirməsi an məsələsidir. Kanala danışan təhlükəsizlik mənbəsinin məlumatına görə, İsrail Livanla bağlı müvafiq quruma “Hizbullah” terror təşkilatının pozuntuları ilə bağlı 1734 şikayət təqdim edib. Livan ABŞ və Fransadan İsrailin hücumlarını dayandırmaq üçün müdaxilə etməyi xahiş edib.
Mövzu ilə bağlı siyasi şərhçi İlkin Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail Fələstin ərazilərindən tam çəkilməyib:
“İsrailin məqsədi odur ki, onu regionda təhdid edən HƏMAS, Hizbullah, Ən-Nusra Cəbhəsi, husilər kimi İranın maliyyələşdirdiyi terror təşkilatlarını zərərsizləşdirsin, ümumiyyətlə, bu terror təşkilatlarını tamamilə yox etsin. İsrail haqlıdır da, çünki bu gün terror təşkilatları İsrail üçün böyük bir təhdiddir. Livan hökuməti də əslində Hizbullahın silahsızlaşdırılması istiqamətində addımlar atmalıdır, amma hökumətin özü bunda acizdir”.
Siyasi şərhçi eyni zamanda qeyd edib ki, çox güman ki, İsrail yaxın günlərdə Qəzza bölgəsində daha da irəliləyəcək:
“Yaxın vaxtlarda İsrailin regionda atəşkəsə nail olması onu göstərib ki, atəşkəs çox qısa sürüb. HƏMAS-ın atəşkəsin pozmasından sonra İsrail yenidən hərbi əməliyyatlara başlayıb və HƏMAS-ın mövqelərini bombalamağa davam edib. Haqlı olaraq da belə edib. İsrail Fələstin ərazilərindən tam çəkilməyib, sadəcə torpaqların mərkəzi hissələrindən bir qədər geri çəkilib. Amma çox güman ki, yaxın vaxtlarda bu ərazilərə, yəni Qəzza bölgəsində, daha da irəliləyəcək. Digər tərəfdən isə biz çox qısa müddətdə – ola bilsin 10 gün, maksimum 2 həftə ərzində – İsrailin İrana qarşı müharibəyə başlamağa hazırlaşdığını müşahidə edəcəyik. Çünki regionda terroru maliyyələşdirən əsas ölkə məhz İrandır. Ümumilikdə Yaxın Şərqdə vəziyyətin çox yaxın günlərdə daha da gərginləşəcəyi gözlənilir. Bugünkü proseslər bunu açıq şəkildə göstərir”.
Zəri Bayramlı
