Fransa XİN rəhbəri ABŞ-nin Karib dənizindəki hücumlarını tənqid edib
Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-nin Karib dənizi və Sakit okeanda guya narkotik qaçaqmalçılarına məxsus gəmilərə endirdiyi zərbələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Nazir “Le Journal du Dimanche”ə açıqlamasında bildirib ki, Fransa bu hücumları ciddi narahatlıqla izləyir və Vaşinqtonu beynəlxalq hüquqa hörmət etməyə çağırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,Tramp dünyada ABŞ-nin mövqeyini möhkəmləndirməyi hədəflədiyini bəyan edir, bu məqsədlə digər regionlarla paralel olaraq həm də özünə yaxın ərazilərdə müəyyən geosiyasi həmlələr etməyə başlayır:
"Tramp Latın Amerikasında narkotik ticarətinə böyük zərbələr endirməyi hədəflədiyini bəyan edir. O, hətta orduya hədəflərə zərbə endirmək hüququ verib. ABŞ ordusu artıq bir neçə hədəfə zərbələr də endirib. Bundan sonra isə bəzi ölkələr ABŞ-ni beynəlxalq hüququ heçə saymaqda günahlandırdı. Bu mənada Fransanın xarici işlər nazirinin etirazı xüsusilə diqqət çəkir. Niyə Fransa ona uzaq ərazidəki proseslərdən narahatdı? Təbii ki, burada Fransanın imperiya maraqları önə çıxır. Dunyanın müxtəlif bölgələrində təsir gücünü itirən Fransa Latın Amerikasında da eyni aqibəti yaşayacağından narahatdır.
Əslində Fransa proseslərə müdaxilə etmək iqtidarında deyil. Çünki Fransa və Avropa İttifaqının başı indi Ukrayna-Rusiya müharibəsinə qarışıb. Tramp da vəziyyəti anlayır və buna görə də Latın Amerikasında prosesləri istədiyi kimi davam etdirir".
Aişə Mustafayeva