Fransada etiraz dalğası: Makron hakimiyyəti idarəçilik böhranı ilə üz-üzə
Fransada hökumətin iqtisadi və sosial siyasətinə, eləcə də Prezident Emmanuel Makronun idarəçilik qərarlarına qarşı narazılıq kütləvi etirazlara səbəb olub. Artan yaşayış xərcləri, sosial problemlər və siyasi fikir ayrılıqları ölkədə gərginliyi gücləndirərək Makron hakimiyyətinin qarşılaşdığı idarəçilik çətinliklərini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Fransada artıq uzun müddətdir ki, kütləvi etirazlar və iğtişaşlar baş verir. Etirazların səbəblərindən biri təhsil sahəsinə ayrılan vəsaitin azaldılması, bunun nəticəsində məktəblərin qarşılaşdığı problemlərdir. Son dövrlərdə isə əhali müxtəlif narazılıqlarını ifadə etmək üçün küçələrə çıxaraq mitinqlər keçirir və bəzi hallarda aksiyalar iğtişaşlarla müşayiət olunur.
“Əsas narazılıq səbəbi Prezident Emmanuel Makronun həyata keçirdiyi siyasətin əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməsidir. İqtisadi və sosial problemlərin dərinləşməsi, yaşayış xərclərinin artması və əhalinin narazılığının çoxalması Fransada kütləvi etirazlara, nümayişlərə və bəzi hallarda iğtişaşlara səbəb olur. Əsasən, bu etirazlar dünya bazarında yanacağın qiymətinin artması ilə əlaqədar baş verir”.
Politoloq qeyd edir ki, Hörmüz boğazı bağlandıqdan sonra Amerikada və Avropada qiymətlər kəskin şəkildə artıb. Bu da əhalinin yaşayış tərzinə və sosial vəziyyətinə təsir göstərir. Makron və onun Nazirlər Kabineti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirləri görə bilmir. Buna görə də hazırda Fransada etirazlar və iğtişaşlar davam edir:
“Əhalinin etirazları əsasən iqtisadi xarakter daşıyır və dünyada baş verən geosiyasi proseslərlə bağlıdır. Bununla yanaşı, Makronun siyasəti də əhalini qane etmir. Onun hakimiyyəti dövründə baş verən “Sarı jiletlilər” etirazları da bunun nümunəsidir. Sosial vəziyyətin ağırlaşması əhalinin narazılığını artırır, bəzi etirazlar isə iğtişaşlarla və mağazalara ziyan vurulması ilə müşayiət olunur. Bu da Fransada daxili gərginliyi artırır”.
Elşad Həsənovun sözlərinə görə.Fransa hökuməti bildirib ki, iğtişaşlar zamanı dövlətə dəyən zərər onu törədən şəxslərdən tələb olunacaq. Bununla da iğtişaşların qarşısını almağa çalışırlar. Ancaq buna baxmayaraq, hələ də ölkədə tam sabitlik yarada bilmirlər:
“Enerji və yanacaq qiymətlərinin, xüsusilə benzinin bahalaşması əhalinin sosial vəziyyətinə təsir edir və nəticədə siyasi gərginlik getdikcə artır. Makronun siyasi opponentləri də onun həm daxili, həm də xarici siyasətini tənqid edir və bu siyasətin düzgün olmadığını bildirirlər. Bütün bunlar ölkədə vəziyyətin daha da gərginləşməsinə səbəb olur”.
Aynur Əhmədli