Fransada komendant saatı etirazları dayandırmaq üçün kifayət deyil
Fransada etirazlar fonunda komendant saatının uzadılması və icazəsiz toplantılara məhdudiyyətlərin tətbiqi ictimai asayişin qorunması ilə dinc etiraz hüququ arasındakı tarazlıq məsələsini yenidən gündəmə gətirib. Təhlükəsizlik tədbirləri qısa müddətdə gərginliyi azalda bilsə də, sosial narazılığın səbəbləri aradan qaldırılmadıqda uzunmüddətli nəticə verməyə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Fransada tətbiq olunan məhdudiyyətləri yalnız ayrı-ayrı şəxslərin zorakı davranışları ilə əlaqələndirmək düzgün deyil:
"Etirazların arxasında yaşayış xərclərinin artması, ictimai xidmətlər və təhsil sahəsindəki problemlər, eləcə də hökumətin siyasətindən narazılıq dayanır. Makron hakimiyyətinin sərt tədbirlərə əl atması və komendant saatını uzatması etirazları nəzarətdə saxlamaq məqsədi daşıyır. Lakin ayrı-ayrı aksiya iştirakçılarının aqressiv davranışını bütün etirazçılara aid etmək olmaz. Komendant saatı qısa müddətdə müəyyən nəticələr verə, polisə vəziyyətə nəzarət etmək, mümkün toqquşmaların qarşısını almaq və ictimai obyektləri qorumaq imkanı yarada bilər. Ancaq əsas məsələ məhdudiyyətlər aradan qaldırıldıqdan sonra sakitliyin qorunub saxlanılmasıdır. Buna görə də komendant saatı problemin köklü həlli deyil, müvəqqəti vasitədir. Davamlı nəticə əldə etmək üçün insanların narazılığı dinlənilməli və mövcud problemlərin həlli istiqamətində real addımlar atılmalıdır”.
Rəşad Bayramov qeyd edib ki, icazəsiz toplantılara qoyulan məhdudiyyətlər də ikili təsirə malikdir:
“ Belə tədbirlər təhlükəsizliyi təmin etməyə kömək etsə də, həddindən artıq geniş qadağalar dinc etiraz hüququnu məhdudlaşdıra və cəmiyyətdə narazılığı daha da artıra bilər. Fransanın qarşısında duran əsas vəzifə ictimai asayişi qorumaqla demokratik azadlıqları təmin etmək arasında tarazlıq yaratmaqdır. Yalnız güc strukturlarının imkanlarını genişləndirmək uzunmüddətli sabitliyə zəmanət vermir. Bunun üçün sosial problemlər həll edilməli, hüququn aliliyi qorunmalı və hakimiyyətlə cəmiyyət arasında dialoq gücləndirilməlidir”.
Güllüzar Nəbili