Fransada mövcud siyasi böhran
Fransanın yenidən təyin olunan baş naziri Sebastien Lekornu siyasi gərginliyi azaltmaq və təcili şəkildə büdcə layihəsini hazırlamaq təzyiqi altında bazar günü yeni hökuməti açıqlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki , Makron üçün ən real çıxış yolu növbədənkənar parlament seçkiləridir:
“Fransanın bu gün qarşılaşdığı problemlərin kökü, 2024-cü ildə keçirilmiş parlament seçkilərinin nəticələri ilə birbaşa bağlıdır. Seçkilərdə müxalifət qüvvələri qalib gəlib amma 577 yerin 365-i onlara məxsusdur. Lakin həmin müxalif qüvvələr arasında da ciddi ziddiyyətlər mövcuddur. Prezident Emmanuel Makron isə hökuməti formalaşdırmaq üçün bu parçalanmış müxalifət qüvvələrinin heç birinə müraciət etməyib. O, hökumətdə təmsil olunmasını mümkün saydığı siyasi qüvvələrin aşağı palatada təmsilçiliyinin 200 nəfəri bir qədər keçməsini əsas götürərək, onları hökumətə cəlb etməyə çalışın. Bu isə nəticə etibarilə qeyri-sabit bir siyasi mühit yaradıb. Nəticədə, müxalifət tez-tez hökumətə etimadsızlıq səsverməsi təklifi ilə çıxış edir və bu proses bir neçə hökumətin istefası ilə nəticələnib. Müxalifətin fikrincə, bu hökumətin legitimliyi və səlahiyyətləri yoxdur. Onlar hökumətin əsas funksiyası olan büdcə layihəsinin təsdiqindən belə məhrum olduğunu bildirir və siyasi sistemin dəyişməsini tələb edirlər. Daha səmərəli və sabit bir idarəetmə üçün hökumətin səlahiyyətlərinin artırılması, sistemin təkmilləşdirilməsi və siyasi modelin yenilənməsi təklif olunur”.
Siyasi şərhçi eyni zamanda açıqlamasında bildirib ki , Makron siyasi çıxılmaz vəziyyətdədir:
“Makronun yenidən hökuməti öz partiyasından olan baş nazir vasitəsilə qurması isə onun siyasi çıxılmaz vəziyyətdə olduğunu göstərir. Müxalifət bu baş nazirə qarşı da etimadsızlıq təşəbbüsü ilə çıxış etməyi planlaşdırır və çox güman ki, bu təşəbbüs də reallaşacaq. Hazırda Makron üçün ən real çıxış yolu növbədənkənar parlament seçkiləridir. Lakin o da əmindir ki, bu seçkilər də ona üstünlük qazandırmayacaq. Ona görə də böhran davam edir və prezident vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. Makron hazırda mühafizəkar və mərkəzçi qüvvələri bir araya gətirərək yeni hökumət formalaşdırmağa çalışır. Ancaq bu cəhd də gözlənilən nəticəni vermir. Yeni hökumətin qurulması ciddi dəyişikliklərə səbəb olmayacaq və çox güman ki, onun da ömrü qısa olacaq. Əgər Fransada yenidən seçkilər keçirilməzsə, sabit və effektiv fəaliyyət göstərə biləcək bir hökumət qurmaq mümkün görünmür”.
Bayramlı Zəri
